Xaricdə yaşamaq istəyənlər üçün dünyanın ən əlverişli ölkələrinin reytinqi hazırlanıb.
Siyahıda Monako birinci, Andorra ikinci, Birləşmiş Ərəb Əmirlikləri isə üçüncü yerdə qərarlaşıb.
Sfera.az xəbər verir ki, “Nomad Capitalist” şirkətinin hazırladığı “Nomad Lifestyle Index” reytinqində ümumilikdə 63 istiqamət qiymətləndirilib.
Araşdırma zamanı beş əsas meyar nəzərə alınıb: təbiət və iqlim, vergilər, yaşayış icazəsi və ölkəyə giriş imkanları, təhlükəsizlik və azadlıq, eləcə də həyat keyfiyyəti və infrastruktur.
Qiymətləndirmə zamanı havanın keyfiyyəti, ekstremal hava hadisələri riski, qanuni yaşayış və vətəndaşlıq əldə etmək imkanları, həyat müddəti, yaşayış xərcləri və internet sürəti kimi göstəricilər də nəzərə alınıb.
Monako həyat keyfiyyəti və infrastruktur üzrə mümkün 100 balı toplayan yeganə ölkə olub. Ölkə təhlükəsizlik və azadlıq göstəricilərinə görə də yüksək nəticə göstərib.
İkinci yerdə qərarlaşan Andorra təhlükəsizlik və azadlıq meyarı üzrə lider olub. Ölkə reytinqə daxil edilən Avropa dövlətləri arasında ən təmiz havaya malik olması ilə də seçilib. Bununla belə, Andorrada vətəndaşlıq əldə etmək üçün 20 il yaşamaq, dil və tarix imtahanından keçmək tələb olunduğundan birinci pilləyə yüksələ bilməyib.
Malta dördüncü, Portuqaliya beşinci, Kipr isə altıncı yerdə qərarlaşıb. Malta güclü pasportu və vətəndaşlıq əldə etmək imkanları ilə seçilsə də, vergi və həyat keyfiyyəti göstəricilərinə görə müəyyən geriləmə yaşayıb.
Portuqaliya təhlükəsizlik, yaşayış icazəsi və vergi meyarları üzrə yaxşı nəticələr göstərib. Lakin iqlim dəyişikliyi ilə əlaqəli ekstremal hava hadisələri ölkənin təbiət göstəricilərinə mənfi təsir edib.
Kipr yaşayış icazəsi və ölkəyə giriş imkanları üzrə yüksək nəticə göstərərək bu meyar üzrə ikinci olub. Bununla belə, həyat keyfiyyəti, infrastruktur və havanın keyfiyyəti ümumi mövqeyinə təsir edib.
Reytinqin ilk onluğunda Avropadan kənar ölkə və ərazilər də yer alıb. Sinqapur yeddinci, Kayman adaları səkkizinci, Yeni Zelandiya doqquzuncu, İsveçrə isə onuncu olub.
Yaşamaq üçün dünyanın ən yaxşı 10 istiqaməti:
Monako – 73,89 bal
Andorra – 73,68 bal
Birləşmiş Ərəb Əmirlikləri – 73,15 bal
Malta – 72,11 bal
Portuqaliya – 70,09 bal
Kipr – 68,42 bal
Sinqapur – 67,12 bal
Kayman adaları – 66,50 bal
Yeni Zelandiya – 66,43 bal
İsveçrə – 65,44 bal
Reytinqdə ilk üçlükdə qərarlaşan istiqamətlər arasında fərq cəmi 0,74 bal olub.
Fatimə
Sfera.az





