Dünya · Sfera.az

Tramp Zelenskini dəyişdirmək istəyir? – Namizədlərin adları çəkildi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp Zelenskini dəyişdirmək istəyir? – Namizədlərin adları çəkildi xəbəri üçün şəkil

ABŞ-nin Ukraynaya münasibəti və Vaşinqtondan gələn siyasi mesajlar Kiyevin gələcək siyasi kursu ilə bağlı müzakirələri gücləndirib. Tərəflər arasında münasibətlərin gərginləşməsi Ukraynada mümkün hakimiyyət dəyişikliyi ilə bağlı iddiaları da gündəmə gətirir. Bu fonda Donald Tramp administrasiyasının Ukraynada hansı siyasi fiqurları alternativ namizəd kimi nəzərdən keçirə biləcəyi maraq doğurur.

Politoloq Həşim Səhrablı Sfera.az-a mövzu ilə bağlı açıqlamasında hazırkı mərhələdə Ukraynada prezident dəyişikliyinin real görünmədiyini bildirib.

Onun sözlərinə görə, müharibə şəraiti prezident seçkilərinin keçirilməsini çətinləşdirən əsas amillərdəndir:

“Volodimir Zelenskinin prezidentlik müddəti başa çatsa da, müharibə səbəbindən seçkilər keçirilməyib və o, ölkəyə rəhbərlik etməkdə davam edir. Hazırkı şəraitdə seçkilərin keçirilməsi Ukraynada ikihakimiyyətlilik riski yarada və siyasi prosesləri mürəkkəbləşdirə bilər”.

Politoloq ABŞ administrasiyasının mümkün alternativ namizədlər kimi nəzərdən keçirə biləcəyi şəxslər arasında Ukraynanın keçmiş prezidenti Petro Poroşenkonun adını çəkib. Onun sözlərinə görə, Poroşenko Qərblə siyasi əlaqələri və Donald Trampın ilk prezidentlik dövründə Ukraynaya rəhbərlik etməsi baxımından diqqət çəkən fiqurlardan biridir:

“Digər mümkün namizəd kimi Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı, hazırda ölkənin Böyük Britaniyadakı səfiri Valeri Zalujnının adını çəkmək olar. Onun hərbi təcrübəsi və Avropadakı əlaqələri siyasi rol baxımından əhəmiyyət daşıyır”.

Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanovun da potensial namizədlər sırasında nəzərdən keçirilə biləcəyini deyən politoloq Budanovun müharibə təcrübəsinə və ölkənin təhlükəsizlik strukturlarındakı fəaliyyətinə diqqət çəkib:

“ABŞ administrasiyası alternativ namizəd məsələsində bu şəxslərin adlarını nəzərdən keçirə bilər. Bununla belə, Vaşinqtonun konkret olaraq Ukraynada hakimiyyət dəyişikliyinə nail olmaq istədiyini söyləmək üçün əlavə faktlar və rəsmi mövqe lazımdır”.

Qeyd edək ki, Ukraynada prezident seçkilərinin keçirilməsi və mümkün hakimiyyət dəyişikliyi ilə bağlı müzakirələr ölkədəki müharibə şəraiti və siyasi-hüquqi məhdudiyyətlər fonunda davam edir.

İradə Elsevər

Sfera.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑