ABŞ Prezidenti Donald Tramp Rusiyada həbsdə olan amerikalıların azadlığa buraxılması üçün Moskva ilə aparılan danışıqlar zamanı yeni sanksiyalar tətbiq edilməsini istəyənləri tənqid edib.
Sfera.az xəbər verir ki, Tramp yeni sanksiyaların həbsdəki amerikalıların azad edilməsi prosesinə mənfi təsir göstərə biləcəyini bildirib.
ABŞ Prezidenti Rusiyadan azad edilən ABŞ vətəndaşı Stiven Habberdi Ağ Evdə qəbul edib. Habberdin azadlığa buraxılmasına görə Rusiya Prezidenti Vladimir Putinə təşəkkür edən Tramp proses boyunca Moskva ilə yaxşı əməkdaşlıq etdiklərini qeyd edib.
ABŞ-nin Rusiyaya qarşı mövcud sanksiyaları ləğv etməyi planlaşdırıb-planlaşdırmadığı ilə bağlı suala cavab verən Tramp sanksiyaların aradan qaldırılmasını və ya bu istiqamətdə hər hansı addım atılmasını düşünmədiklərini deyib.
Rusiya ilə danışıqların davam etdiyi vaxt yeni sanksiyalar tətbiq edilməsi çağırışlarına münasibət bildirən Tramp bu tələbləri “axmaqlıq” adlandırıb.
“Biz sizin üçün danışıqlar aparırdıq, lakin bəzi axmaq insanlar Rusiyaya yeni sanksiyalar tətbiq etməyimi istəyirdilər. Rusiyaya yeni sanksiyalar tətbiq etsəydim, bu, Habberdin azadlığa buraxılması baxımından yaxşı olmazdı”, - deyə Tramp bildirib.
Tramp İranla müharibə və bu prosesdə çəkilən xərclərlə bağlı da fikirlərini bölüşüb.
İrandakı əməliyyatlara sərf olunan vəsaitin yüksək olmadığını iddia edən ABŞ Prezidenti Venesueladan əldə edilən gəlirlərin bu xərcləri dəfələrlə kompensasiya etdiyini bildirib.
“İranda xərclədiyimiz bütün pulu Venesuelada gördüyümüz işlərlə dəfələrlə kompensasiya etmişik. Yüz milyardlarla dollar gəlir əldə etmişik, özü də dəfələrlə”, - deyə Tramp İran böhranına çəkilən xərcləri tənqid edən Demokratlara cavab verib.
İranla danışıqların davam edib-etmədiyi barədə suala da münasibət bildirən Tramp iki ölkə arasında təmasların davam etdiyini iddia edib.
“Danışıqlar davam edir. Onlar bizimlə danışmaq istəyirlər. Daim danışırlar. Açığı, bu məsələdə vaxtımız var. Bu, müharibədir, lakin adi müharibə deyil”, - deyə Tramp qeyd edib.
Bəsti Rəfizadə






