Türkiyə Rusiya və Ukraynanın müraciət edəcəyi təqdirdə müharibənin dayandırılmasına yönəlmiş danışıqlarda vasitəçi kimi çıxış etməyə hazır olduğunu bəyan edib. Ankara tərəfləri yenidən danışıqlar masasına qaytararaq münaqişənin həlli prosesinə töhfə verməyi hədəfləyir.
Bununla belə, indiyədək bir sıra ölkələrin vasitəçilik təşəbbüslərinə baxmayaraq, müharibənin sona çatması istiqamətində ciddi irəliləyiş əldə olunmayıb.
Türkiyənin bu təşəbbüsü Rusiya və Ukrayna arasında razılaşmanın əldə olunmasına nə dərəcədə təsir göstərə bilər? Ankara tərəfləri ortaq məxrəcə gətirməyi bacaracaqmı?
Politoloq Murad Sadəddinov Sfera.az-a açıqlamasında bildirib ki, Türkiyənin vasitəçiliyi ilə danışıqların nəticə verməsi ehtimalına pessimist yanaşır.
Onun sözlərinə görə, indiyədək Türkiyə də daxil olmaqla, beynəlxalq nüfuza və təsir imkanlarına malik bir sıra ölkələr Rusiya-Ukrayna müharibəsinin həlli üçün vasitəçilik etməyə çalışıblar.

“Son dövrlərdə isə bu istiqamətdə ən fəal tərəf ABŞ olub. Rusiya ABŞ-dən daha çox çəkinir. Buna baxmayaraq, Vaşinqtonun səyləri də danışıqlarda real nəticənin əldə olunmasına gətirib çıxarmayıb. ABŞ Prezidenti Donald Tramp Konqres və Senata keçiriləcək seçkilər ərəfəsində müharibənin həlli istiqamətində nəticə əldə etməyə və bunu seçicilərinə təqdim etməyə çalışır. Ancaq buna rəğmən, Rusiya ilə Ukraynanı hətta texniki məsələlərin müzakirəsi üçün belə danışıqlar masasına gətirmək çətinləşib”, - politoloq deyib.
Politoloq xatırladıb ki, əvvəllər tərəflərin nümayəndə heyətləri, o cümlədən Türkiyədə texniki məsələləri müzakirə etmək üçün görüşüblər. Lakin hazırkı vəziyyət Ankara üçün də ciddi çətinliklər yaradır:
“Türkiyə yenidən vasitəçilik təşəbbüsü ilə çıxış etsə belə, danışıqların nəticə verəcəyinə dair ciddi əsaslar görünmür”.
İradə Elsevər






