Dünya · Sfera.az

Respublikaçılar niyə uduzdu? - Maraqlı səbəblər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Respublikaçılar niyə uduzdu? - Maraqlı səbəblər xəbəri üçün şəkil

ABŞ-də Respublikaçıların seçkidə məğlubiyyəti Donald Tramp administrasiyasının yürütdüyü siyasətin cəmiyyətdə yaratdığı narazılıqları yenidən gündəmə gətirib. İqtisadi vəziyyət, bahalaşma, xarici siyasətdəki ziddiyyətlər və ənənəvi müttəfiqlərlə münasibətlərin gərginləşməsi Respublikaçıların seçici dəstəyini itirməsinə təsir edən əsas amillər kimi qiymətləndirilir. Xüsusilə Trampın İranla bağlı hərbi siyasəti, Ukraynaya münasibəti və tarif qərarları ölkə daxilində ciddi müzakirələrə səbəb olub.

Bəs respublikaçıların məğlubiyyətində əsas məsuliyyət Donald Trampın üzərinə düşürmü? Demokratlar hansı strategiya ilə rəqiblərindən üstün olmağı bacarıblar?

Mövzu ilə bağlı suallara cavab verən politoloq Natiq Miri Sfera.az-a bildirib ki, respublikaçıların məğlubiyyətinin bir deyil, bir neçə səbəbi var. Onun fikrincə, bu amillərin başında Donald Trampın mənəvi-psixoloji vəziyyəti və idarəçilik yanaşması dayanır:

“Tramp bütün siyasi qərarlarına şəxsi mənafe prizmasından yanaşır və bu yanaşmanı təkcə digər dövlətlərə deyil, ABŞ-nin strateji müttəfiqlərinə münasibətdə də tətbiq edir. Onun xaotik tarif siyasəti, Ukraynaya münasibəti, Rusiyaya dəstək verməsi və Rusiyaya qarşı sanksiyaların ləğvinə yönələn addımları Respublikaçıların nüfuzuna mənfi təsir göstərib.

Trampın İranla bağlı hərbi əməliyyatlarda nümayiş etdirdiyi plansız siyasət ABŞ-ni ciddi problemlərlə üz-üzə qoyub. Bu prosesin nəticələri yalnız xarici siyasətlə məhdudlaşmayıb, iqtisadiyyata və əhalinin gündəlik həyatına da təsir edib”.

Respublikaçılar niyə uduzdu? - Maraqlı səbəblər

Politoloq vurğulayıb ki, neft qiymətlərinin kəskin artması ərzaq məhsullarının və yanacağın bahalaşmasına səbəb olub. Bu isə amerikalıların gündəlik xərclərini artıraraq Trampa və onun təmsil etdiyi Respublikaçılar Partiyasına qarşı narazılığı gücləndirib:

“Trampın ənənəvi müttəfiqlərlə münasibətləri korlaması da Respublikaçıların mövqelərinə təsirsiz ötüşməyib. O, ABŞ prezidentinin NATO-nun nüfuzuna və birliyinə zərbə vurduğunu, Avropa ilə münasibətlərdə yaranan gərginliyin də bu siyasətlə əlaqəli olduğunu bildirib. Demokratların qələbəsində onların dəyişən siyasi strategiyası da mühüm rol oynayıb. Demokratlar ənənəvi yanaşmadan uzaqlaşaraq daha rasional siyasət ortaya qoyublar. Seçicilər isə sadəcə partiyaya deyil, cəmiyyətin dəstəklədiyi nüfuzlu şəxslərə üstünlük veriblər.

Demokratlar cəmiyyətdə Respublikaçılardan daha yüksək nüfuza malik olmasalar da, seçicilər mövcud siyasi mənzərədə nisbətən daha az problemli hesab etdikləri tərəfə üstünlük veriblər. Respublikaçıların müdafiəsi üçün daha çox vəsait xərclənməsinə baxmayaraq, nəticə dəyişməyib”.

İradə Elsevər

Sfera.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑