Meyvə və tərəvəzlərin adətən tullantı hesab edilərək atılan qabıq, tum və digər hissələri onların yeyilən iç hissəsindən daha çox lif ehtiva edə bilər.
Sfera.az xəbər verir ki, London Kral Kollecinin alimləri bu qənaətə gəliblər. Araşdırmanın nəticələri “International Journal of Food Sciences and Nutrition” jurnalında dərc olunub.
Tədqiqatçılar ananas, qarpız, kivi, brokoli, şirin bibər və balqabaq da daxil olmaqla, geniş istifadə olunan 12 növ meyvə və tərəvəzi araşdırıblar. Onlar bitkilərin adətən yeyilən hissələri ilə tullantı hesab edilən qabıq, tum və gövdələrindəki qida liflərinin miqdarını müqayisə ediblər.
Məlum olub ki, 12 məhsulun 10-da qabıq, tum və gövdələrdə lifin miqdarı meyvə və tərəvəzlərin əsasən istehlak edilən hissəsindən daha çoxdur. Məsələn, muskat balqabağının qabıq və tumlarında hər 100 qram məhsula 9,25 qram qida lifi düşür. Bu, böyüklər üçün tövsiyə olunan gündəlik normanın təxminən üçdə birinə bərabərdir.
Ən diqqətçəkən nəticələrdən biri ananasla bağlı olub. Onun qabığı və sərt iç nüvəsindəki lifin miqdarı meyvənin ətli hissəsi ilə müqayisədə təxminən beş dəfə çoxdur. Qarpız qabığında isə hər 100 qram məhsula 2,1 qram qida lifi aşkar edilib. İstisna brokoli olub: bu tərəvəzin çiçək hissəsi gövdəsindən daha çox lif ehtiva edib.
Alimlər xatırladırlar ki, qida lifləri həzm sisteminin normal fəaliyyəti üçün vacibdir. Onların kifayət qədər qəbulu ürək-damar xəstəlikləri, ikinci tip diabet və bəzi xərçəng növlərinin riskinin azalması ilə əlaqələndirilir.
Tədqiqat müəlliflərinin fikrincə, meyvə və tərəvəzlərin müxtəlif hissələrindən daha səmərəli istifadə həm qidalanmanın keyfiyyətini yaxşılaşdıra, həm də qida tullantılarını azalda bilər. Məsələn, brokolinin gövdəsini isti yeməklərə əlavə etmək, kivini isə yaxşı yuduqdan sonra qabığı ilə birlikdə yemək tövsiyə olunur.
Fatimə
Sfera.az






