Rusiya Prezidenti Vladimir Putin Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Störe ilə telefon danışığı aparıb.
Sfera.az xəbər verir ki, bu barədə Finlandiya Prezidentinin dəftərxanası məlumat yayıb.
Bildirilib ki, telefon danışığı Kiyevlə razılaşdırılaraq keçirilib və oktyabrın 20-də Osloda baş tutan görüşün davamı olub. Tərəflər Ukraynadakı münaqişəni, onun həllinə yönəlmiş diplomatik səyləri, eləcə də Avropada sülh və sabitliyin möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər.
Məlumata görə, danışığın təşəbbüskarları Stubb və Störe olub. Onlar Putinə hərbi əməliyyatların başa çatmasına kömək edə biləcək gələcək danışıqlarla bağlı mövqelərini çatdırıblar.
Xatırladaq ki, oktyabrın 20-də Osloda Finlandiya və Norveç liderləri Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoffla görüşüblər. Danışıqlarda Ukraynanın təhlükəsizlik təminatları, müharibədən sonrakı bərpa və ərazi məsələləri müzakirə olunub.
Norveçin Baş naziri Yonas Qar Störe Putinlə sonuncu dəfə 2022-ci il martın 31-də telefon danışığı aparıb. Həmin vaxt Störe Rusiyanın Ukraynaya hücumunu dayandırmağa, qoşunlarını geri çəkməyə və humanitar yardıma mane olmamağa çağırmışdı./Trend






