“Apple” şirkətinin tarixində ən böyük uğursuzluqlardan biri “iPhone 4” smartfonunun antenası ilə bağlı yaranan qalmaqal olub.
Sfera.az xəbər verir ki, bu barədə “SlashGear” nəşri məlumat yayıb.
Jurnalist Sanjiv Satia 2010-cu ildə təqdim edilən “iPhone 4” modelinin şirkətin ən səs-küylü uğursuzluqlarından biri olduğunu bildirib. Həmin smartfon qeyri-adi metal çərçivəsi ilə seçilirdi. Bu konstruksiya eyni zamanda cihazın antenası funksiyasını da yerinə yetirirdi.
Lakin satışa çıxarıldıqdan qısa müddət sonra istifadəçilər rabitə problemlərindən şikayət etməyə başlayıblar. Məlum olub ki, telefonu müəyyən formada əldə tutarkən barmaqların yan hissədəki antena sahəsinə toxunması siqnalın zəifləməsinə səbəb olur. Nəticədə zənglər kəsilir, rabitə keyfiyyəti aşağı düşürdü. Bu problem texnologiya tarixində “Antennagate” adı ilə tanınıb.
Əvvəlcə “Apple” şikayətlərin siqnal səviyyəsinin ekranda səhv göstərilməsi ilə bağlı olduğunu bildirib. Lakin “Consumer Reports” təşkilatının apardığı müstəqil yoxlama müəyyən tutuş zamanı siqnalın həqiqətən zəiflədiyini təsdiqləyib. Təşkilat digər xüsusiyyətlərini yüksək qiymətləndirsə də, bu səbəbdən “iPhone 4” modelini istifadəçilərə tövsiyə etməyib.
Vəziyyəti şirkətin rəhbərliyinin reaksiyası daha da mürəkkəbləşdirib. “Apple”ın qurucusu Stiv Cobs istifadəçilərə telefonu həmin formada tutmamağı məsləhət görüb. Daha sonra isə digər istehsalçıların cihazlarında da oxşar siqnal problemlərinin yarana biləcəyini qeyd edib.
2010-cu ilin iyulunda şirkət problemi aradan qaldırmaq üçün “iPhone 4” sahiblərinə pulsuz qoruyucu üzlüklər təqdim edəcəyini açıqlayıb. Daha əvvəl şirkətdən uyğun üzlük alan müştərilərə isə ödənişin geri qaytarılması təklif olunub. Narazı istifadəçilərə smartfonu geri qaytarmaq imkanı da verilib.
Qeyd edək ki, “Antennagate” qalmaqalı “Apple” tarixində məhsul dizaynı və istifadəçi təcrübəsi ilə bağlı ən çox müzakirə olunan hadisələrdən biri olaraq qalır.
Fatimə
Sfera.az






