Adi qəhvədən fərqli dadlar axtaranlar üçün dünyanın müxtəlif ölkələrində hazırlanan qeyri-adi qəhvə növləri diqqət çəkir. Bu içkilər tərkibi və hazırlanma üsulu ilə klassik qəhvədən xeyli fərqlənir.
Qaynarinfo Habertürk-ə istinadən xəbər verir ki, dünyada sınanması maraqlı olan ən fərqli qəhvə növləri arasında yumurtalı, duzlu, kərə yağlı və hətta qəhvə jelesi də var.
Yumurtalı qəhvə – Vyetnama məxsus bu içki yumurta sarısı, şəkər və süd qaymağının qəhvə ilə qarışdırılması ilə hazırlanır. Yumurta qəhvəyə kremli və sıx konsistensiya verir. İçki xüsusilə soyuq havalarda məşhurdur.
Kuba qəhvəsi – “Cafecito” kimi tanınan bu qəhvə güclü espressonun qəhvəyi şəkər və bəzən vanillə qarışdırılması ilə hazırlanır. Şəkərin miqdarı çox olduğundan içki kifayət qədər şirin və intensiv dada malikdir.
Duzlu qəhvə – bəzi Asiya ölkələrində məşhur olan bu içkinin üzərinə az miqdarda duz əlavə edilir. Duzun qəhvənin acılığını azaltmaqla dadları daha balanslı etdiyi bildirilir.
Kərə yağlı qəhvə – “Bulletproof Coffee” adı ilə tanınan bu içki adi qəhvəyə kərə yağı və MCT yağı əlavə edilməklə hazırlanır. Yağlar içkiyə daha yumşaq tekstura verir. Bu qəhvə xüsusilə səhərlər enerjili qalmaq istəyənlər arasında populyardır.
Cafe de Olla – Meksikanın ənənəvi qəhvələrindən biridir. Qəhvə darçın və şəkər qamışı ilə qaynadılır, bəzi reseptlərdə mixək kimi ədviyyatlardan da istifadə olunur. Ənənəvi olaraq saxsı qabda təqdim edilir.
Kopi Luvak – dünyanın ən bahalı qəhvələrindən biri hesab olunan bu növ İndoneziya və digər tropik bölgələrdə hazırlanır. Qəhvə dənələri sivet heyvanı tərəfindən yeyildikdən sonra həzm sistemindən keçərək ifraz olunur və daha sonra toplanıb emal edilir. Bu prosesin qəhvənin dadını daha yumşaq etdiyi bildirilir.
Affogato al Caffe – İtaliya mətbəxinə məxsus bu desert bir top dondurmanın üzərinə isti espresso tökülməsi ilə hazırlanır. Beləliklə, isti qəhvə ilə soyuq dondurmanın dadı birləşir.
Qəhvə jelesi – Yaponiyada məşhur olan bu desert tipli qəhvə jelatinlə qarışdırılaraq bərk hala gətirilir. Adətən soyuq şəkildə, üzərinə süd və ya qaymaq əlavə edilməklə təqdim olunur.
Sobada bişirilmiş qəhvə isə daha nadir və eksperimental üsullardan biridir. Qəhvə sobaya davamlı qabda bişirilir və bu prosesin içkinin dadını daha da intensivləşdirdiyi bildirilir.
Günay

