Türkiyənin dörd şəhərindən Moskvaya uçan 10 sərnişin təyyarəsi Rusiya paytaxtının hava limanlarında tətbiq edilən müvəqqəti təhlükəsizlik məhdudiyyətlərinə görə geri qayıtmağa məcbur olub.
Publika.az xəbər verir ki, bu barədə TASS aviadispetçer xidmətlərindəki mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, təyyarələrin ekipajları Polşa, Litva, Belarus və Rusiyanın Pskov vilayəti üzərində olarkən geri dönmək qərarı veriblər. Təyyarələrin Türkiyənin hava limanlarında müvəqqəti saxlanılması nəzərdə tutulur.
Söhbət İstanbul, Antalya, İzmir və Dalaman şəhərlərindən yola düşən reyslərdən gedir. Təyyarələrin İstanbulun yeni beynəlxalq hava limanına və ya Sabiha Gökçen hava limanına yönləndiriləcəyi gözlənilir.
Məhdudiyyətlərin nə qədər davam edəcəyi və tətbiqinin konkret səbəbləri açıqlanmayıb. Türkiyənin aviasiya qurumları da məsələ ilə bağlı şərh verməyib.
Müəllif: Adəm


