Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən mediada yayılan məlumat əsasında fiziki şəxs Musayev Rövşən Vahid oğluna məxsus Bakı şəhəri, Xətai rayonu, Vunqtau küçəsi, ev 23 ünvanında yerləşən çörək emalı sexində plandankənar yoxlama həyata keçirilib.
Bu barədə Publika.az-a agentlikdən məlumat verilib.
Bildirilib ki, yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatının olmadığı məlum olub.
Həmçinin obyektdə anbar sahəsinin olmadığı, bu səbəbdən un kisələrinin emal sahəsində saxlanıldığı, çörəklərin bişirilməsi və soyudulması proseslərinin eyni sahədə həyata keçirildiyi məlum olub.
Eyni zamanda istehsal olunan çörəklərin qablaşdırılmadan və etiketlənmədən qutulara yığılaraq antisanitar şəraitdə daşındığı aşkar edilib.
Faktla bağlı inzibati protokol tərtib olunub, müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanədək məhdudlaşdırılıb.

