Hüceyrə yaddaşı orqanizmdə gözləniləndən daha geniş rol oynayır. Nyu-York Universitetinin professoru, neyrobioloq Nikolay Kukuşkinin sözlərinə görə, immun sisteminin anadangəlmə hissəsi də əvvəlki təsirləri “öyrənə”, bəzi xərçəng hüceyrələri isə kimyaterapiyanın təsirini yadda saxlayaraq müalicəyə qarşı davamlılığını artıra bilər.
Publika.az “Qazeta.ru”ya istinadən xəbər verir ki, alim bu prosesin “təlim keçmiş immunitet” kimi tanındığını bildirib. Kukuşkinin sözlərinə görə, kimyaterapiya zamanı sağ qalan şiş hüceyrələri müalicəyə qarşı daha davamlı ola bilər. Buna təsadüfi mutasiyalarla yanaşı, hüceyrə yaddaşı da təsir göstərə bilər.
Alim qeyd edib ki, hüceyrələr təsirin yalnız özünü deyil, onun müddəti və zaman ardıcıllığını da fərqləndirə bilir. Məsələn, bir maddənin uzunmüddətli və fasilələrlə təsiri hüceyrə üçün eyni olmaya bilər.
Oxşar mexanizmlər dəridə və sümük toxumasında da müşahidə olunur. Melanositlər ultrabənövşəyi şüalanmaya, sümük hüceyrələri isə mexaniki yüklənməyə uyğun uzunmüddətli cavab formalaşdıra bilir.
Kukuşkinin fikrincə, hüceyrələr baş verənləri müəyyən formada “qeyd edir” və buna uyğun dəyişir. Bu yaddaş orqanizm üçün faydalı ola bildiyi kimi, xərçəng hüceyrələrində müalicəyə davamlılığın yaranmasına da səbəb ola bilər.
Müəllif: Adəm

