G7 ölkələri artan yanacaq qiymətlərinin qarşısını almaq məqsədilə 100 milyon barrelədək neft və neft məhsulu ehtiyatını bazara çıxaracaq.
Publika.az xəbər verir ki, qərar Beynəlxalq Enerji Agentliyinin (IEA) koordinasiyası ilə həyata keçiriləcək və ehtiyatların dörd ay ərzində mərhələli şəkildə istifadəyə verilməsi nəzərdə tutulur. Dizel ehtiyatlarının əhəmiyyətli hissəsinin isə ilk 20 gündə bazara çıxarılması planlaşdırılır.
Fransa Prezidenti Emmanuel Makron bildirib ki, məqsəd neft məhsullarının, xüsusilə dizelin qiymətindəki artımı zəiflətmək və bazarda sabitliyi təmin etməkdir. Qərar açıqlanmazdan əvvəl “Brent” markalı neftin qiyməti 100 dollardan yüksək olsa da, açıqlamadan sonra aşağı düşüb.
ABŞ Prezidenti Donald Tramp da Avropanın strateji dizel ehtiyatlarının böyük hissəsini istifadəyə verəcəyini açıqlayıb və prosesin dərhal başlayacağını bildirib.
Qeyd edək ki, hazırda G7-yə Fransa sədrlik edir.

