Avropanın məşhur avtomobil istehsalçısı “Citroen” əfsanəvi 2CV modelini yenidən bazara çıxarmağa hazırlaşır.
Publika.az xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.
Bildirilib ki, təxminən 13 min funt sterlinqə (təxminən 30 min AZN) satılması gözlənilən yeni model elektrik mühərrikli, kiçik şəhər avtomobili olacaq.
İlk dəfə 1948-ci ildə təqdim edilən “Citroen 2CV” İkinci Dünya müharibəsindən sonra fransız fermerləri və kənd sakinləri üçün ucuz, etibarlı nəqliyyat vasitəsi kimi hazırlanıb. Sadə quruluşu və asan təmiri ilə seçilən avtomobil 40 ildən çox istehsal olunub. Avtomobilin hazırkı görünüşündə isə orijinal modelin əsas xüsusiyyətləri qorunub.
Qeyd edək ki, avtomobil sənayesində tarixi modellərin yenidən bazara qaytarılması yeni tendensiya deyil. “Volkswagen” Beetle, “BMW” Mini və “Fiat” 500 modelləri ilə oxşar yanaşmadan istifadə edən markalar sırasındadır.
Müəllif: Roza



