Ölkə.az xəbər verir ki, bu barədə "Axios" nəşri ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Məqalədə qeyd olunub ki, son altı ay ərzində Trampın ətrafında Netanyahunun bir sıra regional məsələlərdəki mövqeyindən narazılıq artıb.
Belə ki, ABŞ Prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşner Qəzza zolağındakı vəziyyətin nizamlanmasına dair planın icra tempindən narazılıqlarını bildiriblər.
Trampın digər xüsusi elçisi Tom Barrak İsrailin Suriyadakı fəaliyyətindən narahatdır. Dövlət katibi Marko Rubio və onun komandası isə hesab edir ki, İsrail hakimiyyəti Livan hökumətinin möhkəmləndirilməsinə və İordan çayının qərb sahilində yəhudi köçkünlərin fələstinlilərə qarşı hücumlarının qarşısının alınmasına daha fəal töhfə verə bilər.
Seçkilər ərəfəsində dərc olunan üç böyük İsrail telekanalının sorğularına əsasən, Netanyahunun rəhbərlik etdiyi blok 120 yerlik Knessetdə təxminən 50 mandat qazana bilər. Bu, parlament çoxluğu formalaşdırmaq üçün tələb olunan 61 mandatdan xeyli azdır.
İsrail Baş Qərargahının keçmiş rəisi Qadi Ayzenkotun rəhbərlik etdiyi müxalifət blokunun isə 52–56 mandat əldə edə biləcəyi proqnozlaşdırılır.(Report)





