Ölkə.az Demokrat.az-a istinadən xəbər verir ki, Xaçmaz rayon sakini, 1998-ci il təvəllüdlü Sahib ailə münaqişəsi zəminində həyat yoldaşı Xumar (adlar şərtidir – red.) ilə mübahisə edib.
Hadisə onların birgə yaşadıqları evdə baş verib. Sahib həmin gün gecəyarısı evə gec gəlməsi üstündə arvadının etirazı ilə qarşılaşıb.
Bu zaman Xumarın ona evə gec gəldiyinə görə irad bildirməsi zamanı tərəflər arasında həmin səbəbdən yaranmış narazılıqla bağlı mübahisə baş verib. Sahib həmin mübahisə əsnasında əsəbiləşərək arvadının üzərinə hücum edib, əl və yumruq zərbələri ilə onun sifət, baş və bədəninin müxtəlif nahiyələrinə vurub.
Sahib barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Sahib ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Xumar ilə 2019-cu ildə ailə həyatı qurub, birgə nikahdan dörd azyaşlı övladı var:
"Əvvəllər Xumarla münasibətim normal olub. Lakin son zamanlar evə gec gəldiyimə görə Xumar mənə iradlar bildirdiyi üçün aramızda ailədaxili sözlü mübahisələr baş verib".
Təqsirləndirilən şəxs deyib ki, məlum hadisə günü, gecə saat 00:30 radələrində yaşadığı evə gəldikdən sonra Xumar ona gec gəldiyi üçün iradını bildirib, buna görə aralarında mübahisə yaranıb:
"Mübahisə zamanı əsəbiləşərək Xumarın üzərinə getdim və əl və yumruq zərbələri ilə onun sifət, baş, həmçinin bədəninin digər nahiyələrinə vuraraq onu döydüm. Sonra gedərək yatdım. Daha sonra Xumar barəmdə polisə şikayət etdi".
Abşeron Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib, iş üzrə icraata xitam verilib.




