“Ümid edirəm ki, növbəti oyunlarda həm müdafiədə, həm də hücumda daha yaxşı çıxış edəcəyik”.
Offsideplus.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Yeton Bekiri mətbuat konfransında deyib.
Mütəxəssis Misli Premyer Liqasının VII turunda "Sumqayıt”a (1:4) qarşı keçirdikləri matç haqqında fikirlərini bölüşüb:
“Erkən qollar buraxdıqdan sonra komandamızın toparlanması çətin oldu. Daha sonra bir qol vursaq da, vəziyyəti dəyişmək asan olmadı. Əvvəlki oyunlara baxanda da erkən qollar buraxdığımızı görmüşdüm. Bura gəlmişiksə, bu problemi aradan qaldırmalıyıq.
Əlbəttə ki, futbolda vaxt çox qiymətlidir. Oyunda qol imkanları yarada bilərsən, amma dörd qol buraxmamalısan. Belə hallar futbolda olur”.
Mütəxəssis növbəti tura ciddi hazırlaşacaqlarını vurğulayıb:
“Növbəti turda “Sabah”la qarşılaşacağıq. Azərbaycan Premyer Liqası çox güclü çempionatdır, xüsusilə də “Sabah” güclü komandadır. Vaxtımız azdır, amma səhvlərimizi düzəltməyə çalışacağıq ki, daha yaxşı nəticə göstərək”.
Qeyd edək ki, bu nəticədən sonra "Sumqayıt" turnir cədvəlində 5 xalla 8-ci, "Qəbələ" 4 xalla 10-cu pillədə qərarlaşıb.



