TikTok peşəkar idmançıların, məşqçilərin və üzgüçülük həvəskarlarının öz təcrübələrini, nailiyyətlərini və faydalı tövsiyələrini daha geniş auditoriya ilə bölüşdüyü platformalardan biridir.
Offsideplus.az xəbər verir ki, Azərbaycanda üzgüçülüklə bağlı kontent yaradan müəlliflər qeyri-adi üzgüçülük marşrutları və şəxsi nailiyyətlərdən tutmuş düzgün texnika, qidalanma, sağlamlıq və reabilitasiya mövzularınadək geniş məzmunda paylaşımlar edirlər. Bu məqalədə TikTok-da üzgüçülük mövzusuna fərqli yanaşmaları ilə seçilən dörd kontent yaradıcısını daha yaxından tanıyacağıq.
TikTok-da Xəzərin “Aquaman”ı - @Andrey
TikTok-da üzgüçülüklə bağlı diqqətçəkən kontent yaradanlardan biri @andrey_aquaman hesabının müəllifi, peşəkar üzgüçü Andrey Spiridonovdur. O, ilin müxtəlif fəsillərində və fərqli hava şəraitində Xəzər dənizində üzərək həm fiziki dözümlülüyünü sınayır, həm də bu təcrübələri platformada izləyiciləri ilə bölüşür.
Andreyin diqqətçəkən nailiyyətlərindən biri Şıxov qəsəbəsindən Bibiheybət sahillərinə qədər üzərək geri qayıtmasıdır. O, 8 kilometrdən çox məsafəni fasiləsiz şəkildə 3 saat 15 dəqiqəyə qət edib. TikTok hesabında bu kimi uzunməsafəli üzüşlərlə yanaşı, məşq etdiyi məkanlar, gündəlik hazırlıq prosesi və üzgüçülüyün faydaları haqqında da videolar paylaşır.
Bu paylaşımlar izləyicilərə peşəkar idmançının gündəlik hazırlığını, şəxsi rekordlarını və fərqli üzgüçülük təcrübələrini yaxından izləmək imkanı verir. Andreyin videolarında üzgüçülük yalnız idman deyil, həm də iradə, davamlılıq və öz üzərində işləməyi tələb edən həyat tərzi kimi təqdim olunur.
TikTok-da fərqli üzgüçülük hekayəsi — @Elshen441
TikTok-da üzgüçülüklə bağlı fərqli paylaşımları ilə diqqət çəkən digər yaradıcı @Elshen441 hesabının müəllifidir. Andrey Spiridonovun yaxın dostu olan Elşən onunla birlikdə tez-tez Xəzərdə uzunməsafəli üzüşlərə çıxır, daha dərin sulara üz tutur və bu təcrübələri izləyiciləri ilə bölüşür. Onların videolarında üzgüçülük təkcə məşq deyil, həm də özünü sınamaq və yeni çağırışlara açıq olmaq vasitəsi kimi təqdim edilir.
Elşənin ən yaddaqalan paylaşımlarından biri şaxtalı yanvar günündə dənizdə üzməsi ilə bağlıdır. Soyuq suda üzüşdən sonra sahildə dondurma yeməsi videonu daha da fərqləndirib. Belə qeyri-adi təcrübələr sosial mediada maraq doğurmaqla yanaşı, televiziya kanallarının da diqqətini çəkib və üzgüçülərlə bağlı süjetlər efirdə yayımlanıb.
TikTok-da üzgüçülük dərsləri: texnikadan reabilitasiyaya — @swimbygunel
Üzgüçülüyə tədris və sağlamlıq prizmasından yanaşan yaradıcılar arasında @swimbygunel hesabının müəllifi Günel Abdullayeva da yer alır. O, uşaqlar və qadınlar üçün fərdi üzgüçülük dərsləri keçir, məşqlərində düzgün üzmə texnikası ilə yanaşı, fizioterapiya və reabilitasiya yanaşmalarından da istifadə edir.
Günel TikTok hesabında üzgüçülüyün orqanizm üçün faydaları, düzgün hərəkət texnikası və məşq prosesində əldə olunan irəliləyişlərlə bağlı məlumatlandırıcı videolar paylaşır. Onun sözlərinə görə, düzgün yanaşma ilə hətta ilk beş məşq ərzində nəzərəçarpacaq nəticə əldə etmək mümkündür. Beləliklə, onun kontenti üzgüçülüyü yalnız idman növü kimi deyil, eyni zamanda sağlamlığın və fiziki inkişafın dəstəklənməsi vasitəsi kimi təqdim edir.
Üzgüçülük, inklüzivlik və motivasiya TikTok-da bir arada — @coachaskerov
TikTok-da üzgüçülüyü həm maarifləndirici, həm də dinamik formada təqdim edən yaradıcılar arasında @coachaskerov hesabının müəllifi, paraüzgüçülük üzrə məşqçi Faiq Əsgərov da yer alır. O, yetirmələrinin məşq prosesini, inkişafını və nailiyyətlərini izləyiciləri ilə bölüşməklə yanaşı, üzgüçülüyün faydaları, məşqdən əvvəl düzgün qidalanma, müxtəlif üzmə üslubları və digər praktik mövzularda maarifləndirici kontent hazırlayır. Trend və yumoristik videolar isə peşəkar mövzuların daha dinamik və geniş auditoriya üçün əlçatan formada təqdim olunmasına kömək edir.
Faiq Əsgərovun kontentində xüsusilə paraüzgüçülərin hazırlıq prosesi diqqət çəkir. Videolarda idmançıların məşqləri, əzmi, mərhələli inkişafı və qazandıqları nəticələr motivasiyaedici yanaşma ilə nümayiş etdirilir. Bu mövzuda paylaşılan bəzi videoların 10 və 13 milyondan çox baxış toplaması auditoriyanın həmin hekayələrə böyük marağını göstərir.
TikTok-dakı bu fərqli hekayələr üzgüçülüyün sadəcə texnika və fiziki hazırlıqdan ibarət olmadığını göstərir. Platformada paylaşılan təcrübələr idmanı dözümlülük, sağlam həyat tərzi, inklüzivlik və şəxsi inkişafla birləşdirərək daha geniş auditoriya üçün maraqlı və əlçatan edir.

