İsrailin Baş naziri Benyamin Netanyahu parlament seçkilərində özünün təmsil olunduğu sağçı blokun üstünlük qazandığını bəyan edib. Bununla belə, o, yekun nəticələri gözləməyə çağırıb.
Modern.az xəbər verir ki, Netanyahu bu barədə Qüdsdə rəhbərlik etdiyi “Likud” partiyasının seçki qərargahında çıxışı zamanı danışıb.
“Sağçı blok sionist ictimaiyyət arasında və dövləti dəstəkləyən bütün qüvvələr arasında açıq və həlledici üstünlüyə malikdir”, – deyə Netanyahu bildirib.
Onun sözlərinə görə, İsrailə sağçı, milli və güclü hökumət lazımdır.
Netanyahu hesab edir ki, İsraili təhlükə altına atmaq və antisionist ərəb partiyalarına arxalanan hökumət yaratmaq yolverilməzdir.
“Bununla belə, biz hələ də yekun nəticələri gözləyirik”, – deyə İsrailin baş naziri əlavə edib.
İlkin exit-poll nəticələrinə görə, Netanyahunun rəhbərlik etdiyi blok Knessetdə mütləq çoxluq əldə edə bilmir.
Exit-poll nəticələrinə əsasən, 120 deputatdan ibarət parlamentdə “Likud” partiyası 24-25 mandat qazana bilər. İkinci yerdə Qadi Eyzenkotun rəhbərlik etdiyi “Yaşar” partiyası qərarlaşıb. Bu partiyanın 21-23 mandat əldə edəcəyi proqnozlaşdırılır.
İlkin hesablamalara görə, Netanyahunun bloku ümumilikdə təxminən 50 mandat qazana bilər. Eyzenkotun rəhbərlik etdiyi bloka isə 52-53 mandat proqnozlaşdırılır.
Exit-poll nəticələrinə əsasən, qalan yerlər əsasən ərəb partiyalarının təmsil olunduğu "Birləşmiş Siyahı" və RAAM partiyası arasında bölüşdürülə bilər.
Knessetdə parlament çoxluğunu formalaşdırmaq üçün ən azı 61 mandat tələb olunur.
Əgər iqtidar və müxalifət koalisiya qura bilməsə, növbədənkənar seçki elan ediləcək.




