Son illər idman zallarında əzələ kütləsini artırmaq, daha iri və qabarıq bədən quruluşuna sahib olmaq istəyənlərin müxtəlif qida əlavələrindən və hormonal preparatlardan istifadəsi geniş yayılıb. Protein tozu, kreatin, BCAA, L-karnitin və digər məhsullar artıq bir çoxlarının gündəlik məşq rejiminin ayrılmaz hissəsinə çevrilib. Bəziləri isə istədikləri nəticəni daha tez əldə etmək üçün bu məhsullardan bir neçəsini eyni vaxtda qəbul edir. Maraqlıdır ki, bütün bunlar çox vaxt “natural bədən” və sağlam həyat tərzi adı altında təqdim olunur. Halbuki orqanizmə əlavə maddələrin müntəzəm daxil edilməsinin hansı nəticələr doğurduğu, onların həqiqətən nə dərəcədə zəruri olduğu və sağlamlıq üçün hansı riskləri yaratdığı ciddi müzakirə mövzusudur.
Modern.az idman zallarında ən çox istifadə olunan qida əlavələri və preparatları araşdıraraq onların hansı məqsədlə qəbul edildiyini və sağlamlıq üçün yarada biləcəyi riskləri təqdim edir:
1. Protein tozu – əzələ inkişafı üçün zülal mənbəyi
Protein tozu orqanizmin zülal ehtiyacını ödəmək, məşqdən sonra əzələlərin bərpasına və inkişafına kömək etmək üçün istifadə olunur. Lakin onun hər idman edən şəxs üçün vacib olması fikri doğru deyil. Zülalı ət, balıq, yumurta, süd məhsulları və paxlalılardan da almaq mümkündür. Ehtiyacdan artıq protein qəbul etmək daha sürətli əzələ inkişafına zəmanət vermir. Böyrək xəstəliyi olan şəxslərdə yüksək protein qəbulu əlavə risk yarada bilər. Keyfiyyəti yoxlanılmamış məhsullarda isə arzuolunmaz çirkləndiricilər ola bilər.
2. Kreatin – gücü və məşq performansını artırmaq üçün
Kreatin yüksək intensivlikli məşqlərdə güc və performansın artırılmasına kömək edir. Əzələlərdə enerji istehsalında iştirak edən bu maddə idmançılar arasında geniş istifadə olunur. Lakin kreatin əzələ hüceyrələrində suyun tutulmasını artırdığı üçün bədən çəkisinin yüksəlməsinə və əzələlərin daha dolğun görünməsinə səbəb ola bilər. Bəzi insanlarda qarın narahatlığı və ishal da yaradır. Sağlam yetkinlərdə tövsiyə olunan miqdarda kreatin monohidratın istifadəsi ümumiyyətlə təhlükəsiz hesab edilsə də, böyrək xəstəliyi olanların həkimlə məsləhətləşməsi vacibdir.
3. BCAA – əzələlərin bərpası üçün amin turşuları
BCAA lösin, izoleysin və valin adlı üç amin turşusundan ibarətdir. Əsasən əzələ inkişafını dəstəkləmək və məşqdən sonra bərpanı sürətləndirmək məqsədilə istifadə olunur. Lakin kifayət qədər zülal qəbul edən şəxslərdə bu əlavənin əlavə faydası çox məhduddur. Başqa sözlə, insan gündəlik qidalanma ilə zülal ehtiyacını ödəyirsə, BCAA qəbul etməsi mütləq deyil. Yüksək miqdarda istifadəsi ürəkbulanma və həzm narahatlığı yarada, bəzi dərmanlarla qarşılıqlı təsir göstərə bilər.
4. L-karnitin – yağ yandırmaq və arıqlamaq üçün
L-karnitin yağ turşularının enerji istehsalında istifadə olunan hüceyrə strukturlarına daşınmasında iştirak edir. İdman bazarında əsasən yağ yandırıcı və arıqlama vasitəsi kimi reklam edilir. Lakin sağlam insanlarda onun nəzərəçarpacaq dərəcədə yağ itkisi yaratdığı sübut edilməyib. Yüksək dozada qəbulu ürəkbulanma, qusma, qarın ağrısı və ishala səbəb ola bilər. Buna baxmayaraq, bir çox insan bu məhsulu arıqlamağın asan yolu kimi qəbul edir.
5. Pre-workout – məşqdən əvvəl enerji və dözümlülük üçün
Bu məhsullar məşqdən əvvəl enerji, diqqət və fiziki performansı artırmaq məqsədilə istifadə edilir. Tərkibində adətən kofein və digər stimullaşdırıcı maddələr olur. Lakin onların nəzarətsiz qəbulu ürəkdöyünmə, arterial təzyiqin yüksəlməsi, yuxusuzluq, əsəbilik və ürək ritminin pozulmasına səbəb ola bilər. Xüsusilə enerji içkiləri və qəhvə ilə birlikdə qəbul edilməsi kofein miqdarını təhlükəli həddə çatdıra bilər.
6. Mass gainer – çəki və əzələ kütləsini artırmaq üçün
Mass gainer yüksək kalorili, karbohidrat və zülal tərkibli məhsuldur. Əsas məqsədi gündəlik kalori ehtiyacını artırmaq və çəki yığmağa kömək etməkdir. Ancaq yüksək kalorili məhsulların nəzarətsiz istifadəsi yalnız əzələlərin deyil, bədəndə yağ kütləsinin də artmasına səbəb ola bilər. Bəzi məhsullarda şəkərin miqdarı da yüksək olur. Bu səbəbdən onu sağlam qidalanmanın əvəzi kimi qəbul etmək düzgün deyil.
7. Beta-alanin – fiziki dözümlülüyü artırmaq üçün
Beta-alanin əzələlərdə karnozin səviyyəsini artırmağa kömək edir. Bu isə xüsusilə qısa müddətli və yüksək intensivlikli məşqlərdə yorğunluğun gecikdirilməsinə müəyyən töhfə verə bilər. Ən çox rast gəlinən yan təsiri dəridə iynələnmə, qaşınma və qarışqa gəzməsinə bənzər hissdir. Bu təsir adətən müvəqqəti olsa da, yüksək dozada qəbul edildikdə narahatlıq yarada bilər.
8. Glutamin – bərpa və əzələ inkişafı üçün
Glutamin orqanizmdə təbii şəkildə mövcud olan amin turşusudur. İdmançılar onu əzələlərin bərpası və immun sisteminin dəstəklənməsi məqsədilə istifadə edirlər. Lakin sağlam, kifayət qədər qidalanan şəxslərdə əlavə glutamin qəbulunun əzələ kütləsini nəzərəçarpacaq dərəcədə artırdığı sübut edilməyib. Yüksək miqdarda qəbulu bəzi insanlarda həzm problemləri yarada bilər.
Ən təhlükəli mərhələ: Anabolik steroidlər və hormonal iynələr
9. Anabolik steroidlər – qısa müddətdə böyük əzələlər, uzunmüddətli sağlamlıq problemləri
Qida əlavələrindən fərqli olaraq, anabolik steroidlər hormonal sistemə birbaşa müdaxilə edən preparatlardır. Onlar testosteronun sintetik törəmələridir və əzələ kütləsini, fiziki gücü sürətlə artırmaq məqsədilə istifadə olunur. Bəzi şəxslər daha iri və qabarıq bədən quruluşuna sahib olmaq üçün testosteron, nandrolon və digər anabolik preparatların inyeksiya formalarına müraciət edirlər.
Lakin bu preparatların yaratdığı fəsadlar olduqca ciddidir
Hormonal pozuntular: Orqanizmin öz testosteron istehsalı zəifləyə, hormonal tarazlıq pozula bilər.
Sonsuzluq: Sperma istehsalı azala və reproduktiv qabiliyyət zəifləyə bilər.
Ürək-damar xəstəlikləri: Xolesterin balansının pozulması, yüksək təzyiq, ürək əzələsinin zədələnməsi, infarkt və insult riski yarana bilər.
Qaraciyər və böyrək zədələnməsi: Xüsusilə bəzi steroid preparatları qaraciyərə ciddi zərər verə, böyrək funksiyasını poza bilər.
Psixoloji problemlər: Aqressivlik, əsəbilik, əhval dəyişiklikləri, depressiya və asılılıq yarana bilər.
Qadınlarda hormonal dəyişikliklər: Səsin qalınlaşması, tüklənmənin artması, menstruasiya pozğunluğu və digər arzuolunmaz dəyişikliklər mümkündür.
Steroidlərin iynə formasında vurulması da onları təhlükəsiz etmir. Steril olmayan iynələrdən istifadə, iynələrin paylaşılması və mənşəyi bilinməyən preparatların vurulması hepatit B və C, HİV, abses və digər infeksiyalara yol aça bilər. İstifadə dayandırıldıqdan sonra belə hormonal sistemin bərpası uzun çəkə bilər. Bəzi fəsadlar isə qalıcı olur.
Burada daha bir təhlükəli məqam var: bəzi insanlar steroidləri məşq zalında başqalarının tövsiyəsi ilə, həkim nəzarəti olmadan qəbul edirlər. Hansı preparatın hansı təsirə malik olduğunu, orqanizmə necə təsir etdiyini bilmədən hormonal müdaxiləyə əl atırlar. Daha iri əzələlərə sahib olmaq istəyi bəzən insanın öz sağlamlığı üzərində nəzarəti itirməsi ilə nəticələnir.
Sağlam bədən, yoxsa sadəcə iri görünüş?
Bütün bu vasitələrə nəzər saldıqda aydın olur ki, idman əlavələrinin hamısı eyni dərəcədə təhlükəli deyil. Protein və kreatin kimi məhsulların müəyyən hallarda faydası ola bilər. Lakin onların ehtiyac olmadan, normadan artıq və nəzarətsiz qəbulu düzgün yanaşma deyil. Anabolik steroidlər və hormonal iynələr isə daha ciddi, bəzən geri dönməyən sağlamlıq problemləri yarada bilər.
Əsas narahatlıq doğuran məsələ idmanın sağlamlıq məqsədindən uzaqlaşaraq sürətli vizual nəticə əldə etmək yarışına çevrilməsidir. Sosial şəbəkələrdə nümayiş etdirilən iri əzələlər, qabarıq bədənlər və qısa müddətdə əldə olunan dəyişikliklər xüsusilə gənclərdə yanlış gözləntilər yaradır. İnsanlar çox vaxt həmin bədən quruluşunun arxasında hansı vasitələrin dayandığını, hansı sağlamlıq risklərinin olduğunu bilmirlər.
İdman zalına sağlam olmaq üçün gedən şəxsin bir müddət sonra ürəyini, qaraciyərini, böyrəklərini və hormonal sistemini riskə atması ciddi ziddiyyətdir. Bəs daha iri görünmək naminə sağlamlıqdan keçməyə dəyərmi? Axı əzələlərin böyüməsi insanın sağlam olduğu anlamına gəlmir. “Natural bədən” yalnız xarici görünüşlə deyil, orqanizmin sağlamlığı və təbii funksiyalarının qorunması ilə ölçülməlidir.
Nicat Rüstəm

