ABŞ-li milyarder, “SpaceX” şirkətinin rəhbəri İlon Mask Ukrayna ordusunun “Starlink” peyk rabitə sistemindən istifadəsinə tətbiq edilən məhdudiyyətlərin səbəblərindən birini açıqlayıb.
Modern.az xəbər verir ki, Mask bu barədə X sosial şəbəkəsində paylaşım edib.
Onun sözlərinə görə, əsas narahatlıqlardan biri Rusiyanın “Starlink” peyklərini hədəfə ala bilməsi ehtimalıdır.
“Bu, ‘Starlink’in mülki sistem olaraq qalmasının əsas səbəblərindən biridir. Ondan hərbi infrastrukturu təmin etmək üçün istifadə oluna bilər. Lakin sistemin açıq şəkildə hücum əməliyyatlarında tətbiqi onu cavab zərbələri üçün qanuni hədəfə çevirə bilər”, – deyə Mask bildirib.
“SpaceX” rəhbəri xəbərdarlıq edib ki, peyklərin məhv edilməsi təkcə şirkət üçün deyil, bütün kosmik infrastruktur üçün ciddi təhlükə yarada bilər.
“Əgər qarşı tərəf ‘Starlink’ peyklərini məhv etməyə başlasa, bu, dağıdıcı domino effekti yaradacaq. Nəticədə kosmosda nəhəng qalıq buludu əmələ gələcək və kosmik məkandan istifadə mümkünsüz hala düşəcək”, – deyə milyarder vurğulayıb.
Xatırladaq ki, oktyabrın ortalarında Ukrayna Silahlı Qüvvələri “Starlink” və onun hərbi təyinatlı “Starshield” sistemlərinin fəaliyyətində məhdudiyyətlərlə üzləşib. Bu, xüsusilə pilotsuz uçuş aparatlarının rabitəsinə təsir göstərib.
Mask daha əvvəl Ukrayna ordusunu mülki “Starlink” sistemindən hücum məqsədilə istifadə etməkdə ittiham etsə də, Ukrayna tərəfi bu iddiaları rədd edib.
Sonradan Ukrayna rəsmiləri rabitə xidmətinin əvvəlki sürətinin bərpa olunduğunu açıqlayıblar.




