Ölkə · Modern.az

Məmurların hədiyyə almasına məhdudiyyətlər qoyulacaq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Məmurların hədiyyə almasına məhdudiyyətlər qoyulacaq
Məmurların hədiyyə almasına məhdudiyyətlər qoyulacaq

Dövləti və ya bələdiyyəni şirkətdə təmsil edən vəzifəli şəxslərin həmin şirkətlə bağlı hədiyyə almasına, pay və ya əmlak əldə etməsinə, ödənişli vəzifə tutmasına məhdudiyyət qoyulması nəzərdə tutulur.

Modern.az xəbər verir ki, bu təklif Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən birgə iclasında müzakirə olunan “Maraqlar toqquşması haqqında” qanun layihəsində yer alıb.

Layihəyə görə, bu məhdudiyyətlər vəzifəli şəxsin şirkətdəki təmsilçilik funksiyasına xitam verildikdən sonra da iki il qüvvədə qalacaq. Həmçinin, şirkətlərin fəaliyyətinə nəzarət edən və ya onlarla bağlı qərar və müqavilələrə imza atan məmurun vəzifədən ayrıldıqdan sonra iki il ərzində həmin şirkətdə işləməsi və ya onunla müqavilə bağlaması məhdudlaşdırılacaq.

Vəzifəli şəxs hədiyyə və ya sadə qonaqpərvərlik qəbul etdikdən sonra üç iş günü ərzində bu barədə səlahiyyətli quruma məlumat verməlidir. Hədiyyənin maraqlar toqquşmasına səbəb olduğu müəyyən edilərsə, onun geri qaytarılması, bu mümkün olmadıqda isə qurumun balansına keçirilməsi təklif olunur.

Qeyd edək ki, qanun layihəsində maraqlar toqquşması qaydalarının pozulmasına görə məsuliyyət, qanunsuz əldə edilmiş əmlak və imtiyazların dövlətin xeyrinə geri alınması, belə şəraitdə qəbul edilmiş aktların ləğvi də nəzərdə tutulur. Layihə hələ müzakirə mərhələsindədir.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑