Fransada baş verən iğtişaşlar fonunda sağçı siyasətçi Marin Le Penin prezident seçkiləri ərəfəsində onsuz da yüksək olan reytinqi daha da artıb.
Modern.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Sentyabrın sonundan etibarən üç həftə ərzində Ukraynaya yardımın dayandırılmasını müdafiə edən Le Penin reytinqi 32 faizdən 36 faizə yüksəlib.
Etirazları dəstəkləyən radikal solçu siyasətçi Jan-Lük Melenşonun da reytinqində cüzi artım qeydə alınıb. Onun göstəricisi 16 faizdən 16,5 faizə yüksəlib və o, ikinci pilləyə qalxıb.
Bununla yanaşı, mərkəzçi namizədlərin reytinqləri aşağı düşüb. Fransanın keçmiş baş naziri Eduard Filipin göstəricisi 14 faizdən 12 faizə enib. Fransa Prezidenti Emmanuel Makronun partiyasının namizədi Qabriel Attalın reytinqi isə 5 faizə düşüb.
Sol-mərkəzçi qüvvələrin nümayəndəsi Rafael Qlyuksman 13,5 faiz dəstək qazanıb.
Sorğuların proqnozlarına görə, ikinci turda “Milli Birlik” partiyasının lideri Le Pen bütün mümkün rəqibləri üzərində inamlı qələbə qazanır.
Belə ki, onun Melenşona qarşı 68 faiz, Filipə qarşı 56 faiz, Qlyuksmanla mübarizədə 57 faiz, Attala qarşı 58 faiz, Fransanın keçmiş prezidenti Fransua Ollanda qarşı isə 59 faiz səs toplayacağı proqnozlaşdırılır.




