Bakıda yağışlı hava zamanı bəzi küçə və ərazilərin su altında qalması illərdir həllini gözləyən problemlərdən biridir. Nəticədə nəqliyyatın hərəkətində çətinlik yaranır, piyadaların və sürücülərin gündəlik fəaliyyəti məhdudlaşır.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Modern.az-ın son 5 ildə Bakı şəhərində yağış suları nəticəsində ən çox su basan küçə, prospekt və ərazilərlə bağlı sorğusuna cavab verib.
Agentliyin məlumatına görə, subasma halları əsasən Sabunçu, Xəzər, Suraxanı, Binəqədi və Abşeron rayonunun ayrı-ayrı ərazilərində müşahidə olunur.
Qurum problemi bəzi ərazilərdə yağış sularının idarə olunması üçün müasir və vahid infrastrukturun yetərli olmaması ilə əlaqələndirir. Primitiv və istismara yararsız xətlər, kanalizasiya şəbəkələrinin yağış sularını qəbul etməsi və relyefi çökək ərazilərdə suyun təbii axınının zəif olması subasma riskini artırır.
Agentlik urbanizasiyanın da problemi ağırlaşdırdığını bildirir. Əvvəllər yağış sularının toplandığı bəzi göllərin qurudulması və həmin ərazilərdə tikinti aparılması, eləcə də yeni yaşayış massivlərinin salınması təbii su axınlarının istiqamətini dəyişib.
Lakin sorğunun ən diqqətçəkən nəticəsi konkret statistikanın açıqlanmamasıdır.
Modern.az son 5 ildə hər bir ərazidə neçə dəfə su basması faktının qeydə alındığını, hansı küçələrdən daha çox müraciət daxil olduğunu və subasma riski yüksək olan ərazilərin “qara siyahısı”nın olub-olmadığını soruşub.
Agentliyin cavabında ayrı-ayrı rayonların adları göstərilsə də, 2021–2026-cı illər üzrə konkret küçələr və qeydə alınmış subasma faktlarının sayı açıqlanmayıb.
Hazırda yağıntılı hava zamanı daxil olan müraciətlər əsasında həssas nöqtələrdə operativ tədbirlər görülür. Yağış və tullantı suları şəbəkələri təmizlənir, xətlər açılır, toplanan sular kənarlaşdırılır.
Problemin sistemli həlli üçün isə 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramı çərçivəsində yeni layihələr nəzərdə tutulub.
Proqram üzrə Bakı şəhərinin 30 küçəsində yeni yağış suyu sistemlərinin yaradılması planlaşdırılır. Həmçinin Hövsan, Binə, Maştağa, Türkan, Şüvəlan, Ələt, Sahil və Pirallahı hövzələri üzrə kanalizasiya kollektorlarının tikintisi nəzərdə tutulur.
Agentliyin məlumatına görə, Müşfiqabad hövzəsində gətirici kanalizasiya kollektorunun və tullantı sutəmizləyici qurğunun tikintisi artıq həyata keçirilir. Layihənin Xırdalan şəhəri, 28 May, Müşfiqabad, Hökməli və Aşağı Güzdək qəsəbələrində tullantı sularının vahid sistem üzrə toplanmasına və daşınmasına, həmçinin Ceyranbatan Su Anbarı ətrafında qrunt sularının tənzimlənməsinə və subasma risklərinin azaldılmasına imkan verəcəyi bildirilir.
Layihənin 2028-ci ildə başa çatdırılması nəzərdə tutulur.
Yağış suları ilə bağlı müraciətlər isə 955 Çağrı Mərkəzi, elektron və sosial şəbəkə hesabları, eləcə də digər kommunikasiya kanalları vasitəsilə qəbul edilir. 955 Çağrı Mərkəzi 24/7 rejimində fəaliyyət göstərir.
Beləliklə, Bakıda subasma riskinin yüksək olduğu ərazilər və problemin bir sıra səbəbləri açıqlansa da, son 5 il üzrə hansı küçədə neçə dəfə su basması qeydə alındığına dair konkret rəqəmlər təqdim edilməyib.
Bu isə problemin real miqyasını və ən çox risk altında olan küçələrin müəyyənləşdirilməsini çətinləşdirir. Eyni zamanda, 2035-ci ilədək nəzərdə tutulan yeni infrastruktur layihələrinin həyata keçirilməsi paytaxtda yağış sularının idarə olunması probleminin həllində əsas mərhələlərdən biri olacaq.



