“Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışında ölkənin daxili və ideoloji məkanının xarici təsirlərdən qorunması məsələsi xüsusi yer tutub. Dövlətimizin başçısı xarici siyasətin elə qurulmasının vacibliyini vurğulayıb ki, heç kim Azərbaycanın daxili işlərinə müdaxilə edə bilməsin”.
Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
Onun sözlərinə görə, müasir dünyada bu mövzu siyasi müxalifət anlayışının ənənəvi çərçivələrindən xeyli kənara çıxır. Fərqli baxışların mövcudluğu, hakimiyyətin tənqidi və siyasi rəqabət ictimai-siyasi həyatın təbii tərkib hissəsidir. Lakin daxili siyasi gündəliyin xarici siyasi konyunkturanın təsiri altında formalaşmağa başladığı məqamda artıq prinsipial olaraq fərqli vəziyyət yaranır. Məhz bu nöqtədə siyasi alternativlə xarici təzyiq vasitəsi kimi istifadə oluna biləcək fəaliyyət arasındakı sərhəd müəyyənləşir.
Deputat bildirib ki, Azərbaycan üçün bu məsələ xüsusi əhəmiyyət daşıyır. Rəsmi Bakı müxtəlif xarici qətnamə, bəyanat və təşəbbüsləri dəfələrlə ikili standartların təzahürü və ya ölkənin daxili işlərinə müdaxilə cəhdi kimi qiymətləndirərək tənqid edib. Belə bir fonda Azərbaycandan kənarda yaşayan bir sıra “siyasi fəalların” fəaliyyəti də ictimai-siyasi müzakirələrin predmetinə çevrilir.
Millət vəkilinin fikrincə, burada əsas meyar nə hakimiyyətin tənqid olunması, nə də hər hansı siyasi şəxsin hansı ölkədə yaşamasıdır:
“Həlledici məsələ onun siyasi fəaliyyətinin məzmunudur. Dövlət qərarlarının tənqidi, alternativ proqramların irəli sürülməsi, iqtisadiyyat, sosial siyasət və idarəetmə ilə bağlı müzakirələr normal siyasi prosesin tərkib hissəsidir. Daxili fikir ayrılıqlarının xarici siyasi təzyiqə, sanksiyalara və ya ölkənin beynəlxalq təcridinə çağırışlarla müşayiət olunması isə tamamilə fərqli situasiya yaradır. Bu kontekstdə ideoloji məkanın qorunması ilə bağlı tezis əlavə məna qazanır. Müasir dövrdə təsir yalnız ənənəvi siyasi mexanizmlər vasitəsilə həyata keçirilmir. Sosial şəbəkələr, xarici media platformaları və transmilli strukturlar ictimai gündəliyə birbaşa təsir göstərmək imkanına malikdir. Buna görə də dövlətin dayanıqlılığı, eyni zamanda, cəmiyyətin siyasi qiymətləndirmələri müstəqil şəkildə formalaşdırmaq qabiliyyətindən asılıdır. Bununla yanaşı, xarici təsirlə dolğun ictimai-siyasi diskussiyanın bir-birindən dəqiq fərqləndirilməsi də mühüm əhəmiyyət daşıyır”.
“Qərarların müstəqil şəkildə qəbul edilməsi prinsipini ardıcıl şəkildə önə çəkən Azərbaycan üçün bu məsələ suverenliyin möhkəmləndirilməsinə yönəlmiş daha geniş siyasətin tərkib hissəsinə çevrilir. Artıq söhbət yalnız dövlət sərhədlərinin qorunmasından və ya iqtisadi müstəqillikdən getmir. Söhbət, həm də ölkənin öz daxili siyasi gündəliyini müstəqil şəkildə müəyyən etmək imkanının qorunmasından gedir”, – deyə Sevinc Fətəliyeva vurğulayıb.
