Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saral vəzifəsindən azad edilib.
Modern.az xəbər verir ki, bu barədə "Cumhuriyyet" saytı məlumat yayıb. Saral məsələ ilə bağlı açıqlamasında bildirib:
“Məni vəzifəyə hörmətli Prezidentimiz gətirmişdi, onun göstərişi ilə ayrıldım. Heç kimdən incikliyim yoxdur”.
Jurnalist Talat Atilla Oktay Saralla telefonla danışdığının təfərrüatlarını paylaşıb:
“Türkiyə Prezidentinin baş müşaviri Oktay Sarala zəng etdim. Ondan ‘Vəzifədən azad edilmisiniz?’ - deyə soruşdum.
‘Bəli. Biz vəzifə ilə var olan insanlar deyilik. Hörmətli Prezidentimiz məni bu vəzifəyə gətirmişdi, onun göstərişi ilə ayrıldım. Heç kimdən incikliyim yoxdur’, — deyə cavab verdi.
‘Bu, Azərbaycanla bağlı açıqlamalarınıza görədir?’ - deyə soruşdum.
‘Bəli, elə görünür’, — cavabını verdi.
Daha sonra bu sözləri dedi:
‘Əsas olan Türkiyə Cümhuriyyətidir. Əsas olan hörmətli Prezidentimizin uğurudur’”.
Qeyd edək ki, Azərbaycanda orta məktəblərdə qəbul edilmiş geyim formasının vahidliyini pozan, habelə ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadə edilməsinə yol verilməməsi ilə bağlı bir neçə gün öncə qərar imzalanıb.
Bundan sonra Türkiyə Prezidentinin baş müşaviri Oktay Saral oktyabrın 13-də sosial şəbəkədə açıqlama yazmışdı:
“Azərbaycanda hicablı şagirdlərin təhsil hüququnun məhdudlaşdırılması qəbuledilməzdir! Bu dövrdə belə bir yanaşmaya əsla yol verilməməlidir!”
Bütün bunlardan sonra Türkiyə Prezidentinin baş müşaviri Oktay Saralın vəzifəsindən azad edildiyi bildirilib.



