Finlandiya Prezidenti Aleksandr Stubb Avropa İttifaqının (Aİ) genişlənməsini qurumun ən mühüm xarici siyasət vəzifəsi adlandırıb. O, gələcəkdə Aİ-yə üzv ölkələrin sayının əhəmiyyətli dərəcədə artacağını bildirib.
Modern.az xəbər verir ki, Aleksandr Stubb bu fikirləri oktyabrın 26-da Belçikanın Brügge şəhərində Avropa Kollecinin yeni akademik ilinin açılış mərasimində çıxışı zamanı səsləndirib.
“Aİ-də təxminən 40 üzv ölkə olacaq”
Finlandiya Prezidenti gələcəyə dair baxışını bölüşərək bildirib ki, 30 ildən sonra Avropa İttifaqının təxminən 40 üzv ölkəsi olacaq.
“Mənim baxışım belədir: 30 ildən sonra Avropa İttifaqında təxminən 40 üzv ölkə olacaq. Bu, dünyadakı bütün dövlətlərin 20 faizi deməkdir.
Üzvlük strukturu bu gün olduğu kimi, gələcəkdə də fərqli olacaq.
Bütün ölkələr avronu öz valyutası kimi istifadə etməyəcək. Lakin Avropa İttifaqı indiki vəziyyətindən xeyli böyük olacaq”, – deyə Stubb vurğulayıb.
Ukrayna və Moldova da İttifaqda olacaq?
Aleksandr Stubb Avropa İttifaqının gələcək genişlənməsi ilə bağlı şəxsi arzusunu da açıqlayıb. O, Qərbi Balkan ölkələrinin, Ukraynanın və Moldovanın quruma üzv olmasını istədiyini bildirib.
Finlandiya Prezidenti, həmçinin İslandiya, Norveç, İsveçrə və Böyük Britaniyanı da Avropa İttifaqının tərkibində görmək istədiyini deyib.
Onun sözlərinə görə, Kanada isə ən azı assosiativ üzv statusuna malik ola bilər.
Türkiyə, Ermənistan, Azərbaycan və Gürcüstanla bağlı nə dedi?
Finlandiya Prezidenti Türkiyə, Ermənistan, Azərbaycan və Gürcüstanın Avropa İttifaqına üzvlüyü məsələsinə də toxunub.
“Türkiyə, Ermənistan, Azərbaycan və Gürcüstan kimi digər ölkələrə gəlincə, bu, onların gələcək inkişafından asılı olacaq”, – deyə Aleksandr Stubb qeyd edib.
Beləliklə, Finlandiya Prezidenti Azərbaycanın da adını çəkərək, ölkəmizin Avropa İttifaqı ilə gələcək münasibətlərinin və mümkün üzvlük perspektivinin sonrakı inkişafdan asılı olacağını bildirib.






