Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalını qəbul edib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran bildirib.
Görüş Prezident iqamətgahında keçirilir.
Ərdoğan-Bağçalı görüşündə Türkiyə-Azərbaycan münasibətlərindəki gərginliyin də gündəlikdə olacağı istisna edilmir.
“A Haber” telekanalının məlumatına görə, tərəflər sonuncu dəfə Türkiyə Böyük Millət Məclisinin yeni qanunvericilik ilinin açılışında bir araya gəlmişdilər.
Bugünkü görüşdə xüsusilə daxili və xarici siyasətlə bağlı mühüm məsələlər müzakirə olunacaq.
Əsas müzakirə mövzularından biri isə “Terrorsuz Türkiyə” prosesi olacaq. Tərəflər bu istiqamətdə görülən işlərin son vəziyyətini və prosesin hazırkı mərhələsini müzakirə edəcəklər.
Parlamentin iş qrafikinin və yeni komissiyaların, hakim “Cümhur İttifaqı”nın 2028-ci il üçün yol xəritəsinin, eləcə də Şərqi Aralıq dənizi və Yaxın Şərqdəki aktual hadisələrin müzakirə olunacağı da gözlənilir.


