Rusiyanın Ramonski Rayon Məhkəməsi qadağaya baxmayaraq, ölkəyə daxil olan Azərbaycan vətəndaşına hökm çıxarıb.
Modern.az-ın xəbərinə görə, kişi sərhədi keçmək üçün öz ölkəsində şəxsi məlumatları dəyişdirilmiş yeni pasport rəsmiləşdirib.
Qeyd olunur ki, o, Azərbaycanda olarkən yeni məlumatlarla sənəd əldə edib. Lakin bu, onun Rusiyaya girişinə qoyulmuş məhdudiyyəti aradan qaldırmayıb. Girişinə qadağa qoyulduğunu bilən şəxs “Voronej-aeroport” sərhəd-keçid məntəqəsindən Rusiyaya daxil olub. Lakin elə hava limanında saxlanılıb.
Kişinin əməlləri dövlət sərhədini qanunsuz keçməyə görə məsuliyyət nəzərdə tutan Rusiya Cinayət Məcəlləsinin 322-ci maddəsinin 2-ci hissəsi ilə tövsif edilib. Bu maddə üzrə maksimum cəza dörd ilədək azadlıqdan məhrumetmədir.
Məhkəmə azərbaycanlını təqsirli bilərək 7 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib. O, cəzasını məskunlaşma tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Hökm qanuni qüvvəyə minənədək məhkum həbsdə saxlanılacaq.
İlyas Turan






