Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxış edib. Ölkə başçısı çıxışı zamanı ikili standartlara, müstəqil dövlətlərə necə yaşamalı olduqlarının diktə edilməsinə və başqa ölkələrin daxili işlərinə müdaxilə cəhdlərinə münasibət bildirib. Dövlət başçısı vurğulayıb ki, hər bir ölkənin daxili işləri öz xalqına aiddir və Azərbaycan da digər dövlətlərdən özünə qarşı eyni münasibəti gözləyir.
“Biz diqqətimizi öz daxili işlərimizə yönəldirik. Başqa ölkələrdə baş verənlər isə həmin ölkələrin xalqlarının işidir. Bu, bizim işimiz deyil. Biz də özümüzə qarşı eyni münasibəti gözləyirik və buna nail oluruq”, – Prezident İlham Əliyev bildirib.
Modern.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rizvan Nəbiyev bildirib ki, Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışı Azərbaycanın beynəlxalq münasibətlər sistemində qazandığı mövqenin və artan rolunun göstəricilərini aydın şəkildə ortaya qoyur:
“Ölkənin iqtisadi potensialı, müstəqil xarici siyasəti və müxtəlif tərəfdaşlarla qurduğu münasibətlər beynəlxalq təşəbbüslərdə daha fəal iştirak üçün imkanlar yaradıb. Azərbaycanın mədəniyyətlərarası dialoqa töhfəsi də bu siyasətin mühüm istiqamətlərindəndir. Bakıda keçirilən Forum müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrini, siyasi qərar qəbul edən şəxsləri və beynəlxalq təşkilatları ortaq problemlərin müzakirəsi üçün bir araya gətirir. Bu platforma qarşılıqlı anlaşmanın gücləndirilməsinə, stereotiplərin aradan qaldırılmasına və qlobal çağırışlara birgə yanaşmaların formalaşdırılmasına xidmət edir”.
Parlamentari qeyd edib ki, 1991-ci ilin oktyabrında Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ötən 35 il ərzində mürəkkəb tarixi sınaqlardan keçərək siyasi, iqtisadi və institusional inkişaf yolu qət edib:
“Bu gün ölkəmiz yalnız regional proseslərin iştirakçısı deyil, həm də beynəlxalq dialoqu, müxtəlif dövlətlər arasında əməkdaşlığın genişlənməsini təşviq edən tərəfdaş kimi tanınır. Azərbaycan regional və qlobal səviyyədə gündəliyin formalaşmasına töhfə verir. Dövlətimizin etibarlı tərəfdaş imici və Prezident İlham Əliyevin strateji baxışlarına uyğun iki və çoxtərəfli platformalarda aparılan fəaliyyətlər bunun üçün əsas yaradır”.
R.Nəbiyev vurğulayıb ki, Azərbaycanın qarşıdakı illərdə bir sıra mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkənin diplomatik imkanlarına və təşkilatçılıq potensialına göstərilən etimadın ifadəsidir:
“2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatının XVI Zirvə görüşünün Azərbaycanda keçirilməsi və ölkəmizin təşkilata sədrlik etməsi İslam dünyasında tutduğumuz mövqenin göstəricisidir. Digər tərəfdən, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin sammitinin Bakıda keçirilməsi və sədrliyimizin daha iki il müddətə uzadılması Azərbaycanın müxtəlif regionları birləşdirən dialoq məkanı kimi rolunu təsdiqləyir. Gələn il dövlətimiz həmçinin Azərbaycan və Mərkəzi Asiay dövlət başçılarının Məşvərət görüşləri formatına – C6-ya sədrlik edəcək və növbəti, İX Məşvərət görüşünə ev sahibliyi edəcəkdir. 2028-ci ildə 47 Avropa dövlətini bir araya gətirən Avropa Siyasi Birliyinin Zirvə görüşünün Azərbaycanda təşkili də ölkəmizin beynəlxalq münasibətlər sistemində artan nüfuzunu nümayiş etdirəcək. Bu tədbirlərin təşkili üçün Azərbaycanda zəruri siyasi zəmin, müasir infrastruktur və geniş beynəlxalq təcrübə mövcuddur. Ölkənin müxtəlif coğrafiyaları təmsil edən dövlətlərlə əməkdaşlığı beynəlxalq platformalarda ortaq maraqların müzakirəsi və yeni tərəfdaşlıq imkanlarının yaradılması baxımından əhəmiyyətlidir. Həmçinin 2028-ci ildə Azərbaycan ilk dəfə Müstəqil Dövlətlər Birliyinə sədrlik edəcəkdir, bu məhz işğala son qoymaqla yaranmış yeni siyasi reallıqların nəticəsinin göstəricilərindəndir”.
Deputat əlavə edib ki, Azərbaycanın beynəlxalq nüfuzunu yalnız ev sahibliyi etdiyi tədbirlərin sayı ilə ölçmək düzgün olmazdı:
“Əsas məsələ bu platformaların hansı nəticələrə xidmət etməsi, ölkənin təşəbbüslərinin beynəlxalq əməkdaşlığa hansı töhfələri verməsi və tərəfdaşlarla münasibətlərin hansı prinsiplər əsasında qurulmasıdır. Belə ki, Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüslər və onların əsasında əməkdaşlıq mexanizmlərinin təklif edilməsi Azərbaycanın etibarlı tərəfdaş imicini möhkəmləndirir. Həmçinin qarşıdurma və fərqli mövqelərdə olan dövlətlərin nümayəndələrinin Bakını dialoq məkanı kimi seçməsi də Azərbaycanın tərəfdaşlara münasibətlərə məhz dəyərlər əsasında sərgilədiyi yanaşma ilə bağlıdır. Azərbaycan heç bir siyasi düşərgəəyə qoşulmadan böyük və qlobal güclərlə milli maraqların təmininə xidmət edən praqmatik və qarşılıqlı faydalı tərəfdaşlıq qurur. Nəticədə Azərbaycanın müstəqil xarici siyasəti, müxtəlif güc mərkəzləri ilə münasibətləri paralel inkişaf etdirməsi və dialoqa açıq mövqeyi ölkənin beynəlxalq əlaqələrini şaxələndirir. Mədəniyyətlərarası dialoqun təşviqi də bu siyasətin mühüm tərkib hissəsidir. Qarşıdakı illərdə Azərbaycanda keçiriləcək beynəlxalq tədbirlər ölkənin qlobal gündəlikdə iştirakını genişləndirmək, müxtəlif regionlar arasında əlaqələri gücləndirmək və beynəlxalq əməkdaşlığın inkişafına töhfə vermək üçün əlavə imkanlar yaradacaq. Bu kontesktdə VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun qayəsi dialoqla praktiki fəaliyyət arasındakı əlaqəyə xidmətdir. Forumun “Ortaq gələcək naminə dialoq: parçalanmış dünyada körpülər qurmaq” mövzusu beynəlxalq parçalanma, bərabərsizlik və qarşıdurmalar fonunda ortaq həll yollarının axtarışını nəzərdə tutur. Bu baxımdan əsas məsələ müxtəlif tərəflərin eyni platformada toplanması ilə kifayətlənməmək, müzakirələrin konkret təşəbbüslərə və ölçülə bilən nəticələrə çevrilməsidir”.


