Avtomobilin mühərrikində nasazlıq olduğu halda cihazlar lövhəsində bunu göstərən heç bir işıq yanmır.
Çünki son vaxtlar bəzi işbazlar nasaz avtomobili baha qiymətə satmaq üçün cihazlar lövhəsindəki xəbərdarlıq işıqlarını söndürürlər. Daha doğrusu, onun lampasını çıxarırlar.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, söhbət mühərrikdəki nasazlığı bildirən ''Check-engine'' və yaxud da injektorun işığı kimi tanınan göstəricidən gedir.
Usta Cəlil Əhmədov deyir ki, bəzi işbazlar bunu etməklə avtomobilin real texniki problemini alıcılardan gizlədirlər. Xüsusilə də xaricidən gətirilən avtomobillərdə belə hallara daha çox rast gəlinir.
Ustanın sözlərinə görə, bu müdaxilə avtomobilin texniki cəhətdən saz olması demək deyil. Əksinə, mühərrikin elektron idarəetmə sistemində qeydə alınan xəta paneldə görünmədiyindən sürücü arxayın olub avtomobili idarə edir. Amma bir müddət sonra onu dəfələrlə baha başa gələn xərcə salır.
Ustanın tövsiyəsi budur ki, işlənmiş avtomobil alarkən təkcə mühərrikin səsinə və cihazlar panelindəki göstəricilərə güvənməyin. Alışdan əvvəl avtomobil kompüter diaqnostikasından keçirilməli, xəbərdarlıq lampalarının işlək vəziyyətdə olub-olmadığı yoxlanılmalıdır.
Daha ətraflı videomaterialı təqdim edirik.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)




