Çindən avtomobil gətirmək çətinləşə bilər. Yeni qaydalara əsasən, Çində istehsal olunan avtomobillərin ixracı üçün istehsalçının icazəsi tələb olunacaq. 2027-ci ildən etibarən isə Çindən avtomobil almaq istəyən ölkədə servis xidmətinin və ehtiyat hissələrinin təminatı imkanları təsdiqlənməlidir.
Milli.Az İctimai TV-yə istinadən xəbər verir ki, avtomobil seçərkən alıcılar üçün qiymətlə yanaşı, ehtiyat hissələrinin əlçatanlığı və servis xidmətlərinin mövcudluğu da mühüm əhəmiyyət daşıyır.
Mütəxəssislərin sözlərinə görə, ölkədə yağan güclü yağışlardan sonra bəzi Çin avtomobillərində batareyalarla bağlı problemlərin ortaya çıxması alıcıların bu avtomobillərə marağına təsir göstərib. Hazırda Çin avtomobillərinin idxalı da əvvəlki aylarla müqayisədə xeyli azalıb.
Bəs, yeni qaydalar Azərbaycanda Çin avtomobillərinin satışına necə təsir göstərə bilər?
Mütəxəssislər hesab edirlər ki, Çin hökumətinin bu addımı həm sahibkarların maraqlarının qorunması, həm də istehlakçıların hüquqlarının müdafiəsi baxımından müsbət nəticələr verə bilər.
Belə ki, bəzi alıcılar mənşəyi dəqiq bilinməyən, rəsmi nümayəndəliyi və istehsalçı zəmanəti olmayan avtomobillər alırdılar. Sonradan həmin avtomobillərdə problem yarandıqda isə məsul tərəfi müəyyənləşdirmək çətin olurdu.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)


