İngiltərə futbolunun əfsanələrindən olan Devid Bekhemin şəxsi brendi ona milyonlarla gəlir qazandırmaqda davam edir. Keçmiş futbolçunun ətir və digər kosmetik məhsullarından gündəlik qazancının 17 min funt sterlinqdən çox olduğu bildirilir.
Lent.az xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.
Nəşrin məlumatına əsasən, Bekhemin adı ilə satılan ətir, təraşdan sonra istifadə edilən losyon və digər məhsulların illik dövriyyəsi 6,3 milyon funt sterlinq təşkil edib. Bu fəaliyyət üzrə açıqlanan mənfəət isə 5,4 milyon funt sterlinq olub.
Keçmiş futbolçunun məşhur ətirləri 12–50 funt sterlinq arasında satılır. Məhsulların idarə olunması ilə onun brendinin lisenziyalaşdırılması üzrə fəaliyyət göstərən “Seven Global” şirkəti məşğuldur.
2013-cü ildə peşəkar futbolçu karyerasını başa vuran Bekhem reklam, moda və digər kommersiya layihələrində fəallığını davam etdirir.





