Sosial · Lent.az

Müəllimin hörmətini kim əlindən aldı?

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Müəllimin hörmətini kim əlindən aldı? xəbəri üçün şəkil

Müəllimin hörmətini kim əlindən aldı?

Mənə nədənsə elə gəlir ki, artıq müəllim sinfə girəndə uşaqlar ayağa qalxmır. Ən azından müəllimlə aşıq kimi deyişən şagirdin bu hörməti nümayiş etdirdiyinə çətin inanıram.

Bu gün məktəblə bağlı bir yeni problemlə qarşılaşdıq. Müəllim az qala yalvarırdı ki, hüquqşünaslar ona kömək etsin. Siz də agah olun ki, bu müəllim nə istəyir. Sosial şəbəkələrdə hüquqşünaslar qrupuna yazılıb:

“Salam, mən müəllim işləyirəm, mənə bir məsləhət lazımdır. Dərs zamanı dərsi keçirdim, arxada bir şagirdə 15 dəfə xəbərdarlıq etdim sakit qalsın deyə, amma bərkdən danışırdı.

Gəldim, yaxınlaşdım, dedim niyə dərsi pozursan? Dedi, vurun məni, məni vura bilməzsən, yaxşı edirəm. Ani əsəblə bir şillə vurdum buna.

Polisə şikayət edib, mən nə edə bilərəm?

Bezmişəm artıq, bu peşədən adamı iyrəndirirlər hər şeydən”.

İlk dəfə deyil ki, sinifdə müəllim danışır, şagird də cavab qaytarır. Şiddət bütün hallarda yol verilməzdir və müəllim təmkinini qorumalı idi. Amma Ali təhsil alıb, gələcək nəsli aydınlatmağa çalışan müəllimi də bu qədər səbirlə sınamazlar. Bu nə vəziyyətdir? Anlamaq olmur.

Əvvəlcə, şagird müəllimlə hörmətsiz danışır. Sonra məsələ böyüyür. Valideyn məktəbə gəlir. Məktəb rəhbərliyi işə qarışır. Bir az da keçir, insidentin sonu polisdə bitir.

Mən bəzən düşünürəm, biz müəllimin hörmətini harada itirdik? Bəlkə müəllimə qarşı tərbiyəsizlik edən, dərsi pozan, məktəbin qaydasını saymayan uşaqlar üçün ayrıca məktəblərin sayını artıraq? “Çətin tərbiyə olunanlar” üçün. Bəlkə onda valideyn də bir az narahat olar. Axı indi valideynin məktəbə münasibəti də qəribədir. Uşağının müəllimə necə davrandığından çox, müəllimin uşağına necə qiymət verməsi maraqlandırır bəzilərini. Dilə-dişə düşməkdən qorxan valideyn övladı “Çətin tərbiyə olunanlar” məktəbinə getməsin deyə evdə ona müəllimlə doğru davranış qaydalarını öyrədər. Ən azı “qonşular nə deyər” rəqabəti bu işdə bizim köməyimizə gələr.

Heç ürəyimdən olmasa da onu deyim ki, “Müəllimin hörmətini” yalnız şagirddən tələb etməklə geri qaytarmaq olmur. Məsələn, müəllim valideynlərin olduğu “WhatsApp” qrupunda pul yığırsa, sabah həmin valideynin uşağı müəllimə necə baxsın? Fikirləşir ki, anam pul yığmışdı, müəllim də götürmüşdü. Sonra biz uşağa necə deyək ki, müəllim müqəddəsdir?

Deməli belə, bir məsələ qayda kimi qəbul edilməlidir - Şagird müəllimə hörmət etməlidir, valideyn müəllimə hörmət etməlidir, müəllim də öz peşəsinə hörmət etməlidir. Çünki müəllimin hörməti təkcə jurnal, qiymət və diplomla gəlmir. Müəllimin hörməti sinifdə qurulur. Davranışla. Ədalətlə. Sözlə. Və ən çox da nümunə ilə. Müəllimin hörmətini qaytarmaq üçün bu qaydalara əməl etmək kifayətdir. Amma çox xahiş edirəm qaydaları pozanların cəzasını məktəb direktorları verməsin...

Xəbəri paylaş

Bu saytda oxunma: 0

Bu saytdakı səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır. Unikal oxucu sayı deyil.

Facebook Telegram WhatsApp X
Yuxarı qayıt ↑