Məscid insanın özünü təhlükəsiz hiss etdiyi, ibadətə və sakitliyə gəldiyi məkanlardan biridir. Buna görə də burada baş verən oğurluq adi küçə cinayətindən daha çox diqqət çəkir. İnsan namaz qılarkən ayaqqabısını, telefonunu, pul kisəsini bir kənara qoyur, nəzir qutusuna pul atır və təbii olaraq həmin məkanda kimsənin onun əmlakına toxunmayacağını düşünür. Amma Azərbaycanda son illərdə qeydə alınan faktlar göstərir ki, oğrular üçün müqəddəs məkan anlayışı həmişə maneə olmur.
Lent.az-ın əməkdaşının bu mövzu ilə bağlı araşdırmasını təqdim edirik:
Ən diqqətçəkən hadisələrdən biri 2023-cü ildə Bakının Yasamal rayonunda baş verib. Daxili İşlər Nazirliyinin məlumatına görə, məscidlərdən birində müxtəlif vaxtlarda ianə qutularının oğurlanması ilə bağlı polisə müraciət daxil olub. Araşdırma zamanı saxlanılan şəxsin oğurladığı ianə qutularında ümumilikdə 13 min manatdan artıq pul olduğu müəyyənləşdirilib. Şübhəli şəxsin əvvəllər də dəfələrlə məhkum edildiyi bildirilib.
Bu, tək hadisə deyil. 2018-ci ildə Bakıda və Sumqayıtda yerləşən məscidlərin nəzir qutularından pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılmışdı. Həmin vaxt məlumatlarda şəxsin eyni məsciddən bir neçə dəfə oğurluq etdiyi, sonuncu dəfə isə 90 manat götürərkən tutulduğu qeyd olunurdu. Maraqlısı odur ki, onu məsciddə olan insanlar saxlayaraq polisə təhvil vermişdilər. İş xırda talama kimi qiymətləndirilmiş və məhkəmə həmin şəxsə üç ay inzibati həbs vermişdi.
Məscid oğurluqları yalnız nəzir qutuları ilə məhdudlaşmır. 2014-cü ildə Suraxanı rayonunda məsciddə ibadət edən iki şəxsin mobil telefonları oğurlanmışdı. Polis şübhəli şəxsi müəyyən edərək saxlamışdı. 2016-cı ildə isə Xırdalandakı Cümə məscidində ibadət edən şəxsin gödəkçəsinin cibindən 3 500 manat pul oğurlanmışdı. Şübhəli daha sonra saxlanılmış və əməlini etiraf etmişdi.
Bəzən oğurluq obyekti daha qeyri-adi olur. 2019-cu ildə Qubada məscidlərin birindən xalçalar oğurlanmışdı. Polis araşdırması nəticəsində qadın şübhəli müəyyənləşdirilmiş, onun gecə saatlarında məsciddə heç kimin olmadığı vaxt xalçaları götürdüyü bildirilmişdi. 2021-ci ildə Masallının Boradigah qəsəbəsindəki məsciddən isə elektron saat, mikrofon, fləşkartlar, plafon və açar dəsti oğurlanmışdı.
Cəlilabadda 2022-ci ildə saxlanılan iki nəfərin isə təkcə evlərdən yox, məsciddən də məişət və təmir-tikinti əşyaları oğurladığı müəyyən edilmişdi. Bu faktlar göstərir ki, bəzi hallarda məscidlər təsadüfi yox, digər obyektlərlə birlikdə məqsədli oğurluq zəncirinin bir hissəsinə çevrilir.
Azərbaycanda hazırda 2 389 məscid var və onların 1 900-ü daimi fəaliyyət göstərir. Bu rəqəm məscid təhlükəsizliyinin niyə yalnız dini icmanın daxili məsələsi olmadığını göstərir. Minlərlə insanın gün ərzində girib-çıxdığı bu məkanlarda nəzir qutuları, şəxsi əşyalar, texniki avadanlıqlar və digər əmlak təhlükəsizlik baxımından əlavə nəzarət tələb edir.
Bəs cəza necə müəyyən olunur? Azərbaycan Cinayət Məcəlləsinin 177-ci maddəsinə görə oğurluq özgənin əmlakını gizli talama hesab olunur. Sadə oğurluğa görə ictimai işlərdən başlayaraq üç ilədək azadlıqdan məhrumetmə nəzərdə tutula bilər. Oğurluq təkrar, qrup halında, binaya qanunsuz daxil olmaqla, cibdən və ya çantadan götürməklə, yaxud xeyli ziyan vurmaqla törədilərsə, cəza iki ildən beş ilədək həbsə çata bilər. Daha böyük məbləğlər və ağırlaşdırıcı hallar zamanı isə cəza daha da sərtləşir.
Məbləğ və hadisənin xüsusiyyətləri cinayət məsuliyyəti yaradacaq həddə çatmadıqda əməl xırda talama kimi qiymətləndirilə bilər. İnzibati Xətalar Məcəlləsində xırda talamaya görə 160-240 saat ictimai iş və müəyyən hallarda üç ayadək inzibati həbs nəzərdə tutulur.
Bu hadisələrin ən qəribə tərəfi isə oğurluğun məhz insanların etibar hissinin yüksək olduğu yerdə baş verməsidir. İbadət zamanı diqqət başqa istiqamətə yönəlir, telefonlar, üst geyimləri və çantalar nəzarətsiz qala bilir. Nəzir qutuları isə içərisində pul olduğu məlum olan sabit hədəfə çevrilir. Ona görə məsciddə oğurluq sadəcə kriminal hadisə deyil, həm də insanların “burada mənə heç nə olmaz” düşüncəsindən istifadə edən cinayət formasıdır.

