Tokioda 34 gündür fasiləsiz yağış yağıb. Yağıntılar avqustun 27-dən başlayaraq, sentyabrın 29-dək davam edib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, meteoroloqlar bunun şəhərin mərkəzi hissəsində 1886-cı ildə müşahidələrə başlanandan bəri qeydə alınan ən uzunmüddətli yağışlı dövr olduğunu bildirirlər.
Əvvəlki rekord 33 gün idi. Həmin göstərici 2019-cu il iyunun 27-dən iyulun 29-dək qeydə alınıb.
Hazırkı uzunmüddətli yağışlar Yaponiyanın əsas adası Honşu ətrafında yerləşən sabit payız atmosfer cəbhəsi ilə əlaqədardır. Hava şəraitinə tayfunlar da təsir göstərib. İsti və rütubətli hava kütlələrinin dəfələrlə atmosfer cəbhəsinə daxil olması yağıntıların daha da güclənməsinə səbəb olub.
Məlumata əsasən, sentyabrın 27-dək Tokionun mərkəzi hissəsinə 621,5 millimetr yağıntı düşüb. Bu göstərici adi səviyyədən təxminən üç dəfə çoxdur.

Yağışlı sentyabr günəşli saatların sayına da ciddi təsir göstərib. Sentyabrın 1-dən 27-dək Tokionun mərkəzində cəmi 45,8 saat günəşli hava qeydə alınıb. Bu isə bütün müşahidələr tarixində ikinci ən aşağı göstəricidir.

