Cənubi Koreyanın Osan şəhərində iki aylıq qızını öldürməkdə şübhəli bilinən kişi saxlanılıb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, hadisə ailənin yaşadığı mənzildə qeydə alınıb..
Məlumata görə, kişi uzun müddət yata bilməyən və ağlayan körpəsinə əsəbiləşərək onun üzünə bir neçə dəfə zərbə endirib.
Bundan sonra körpənin vəziyyəti qəfil ağırlaşıb.
Saat 03:47-də təcili yardım xidmətinə körpənin nəfəs almadığı barədə məlumat daxil olub. Hadisə yerinə gələn tibb işçiləri azyaşlını xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.
Həkimlər körpənin öldüyünü təsdiqləyiblər.
Meyitə baxış zamanı zorakılıq əlamətlərinə bənzər xəsarətlər aşkarlanıb. Bundan sonra polis hadisənin başvermə şəraitini araşdırmağa başlayıb.
Araşdırma zamanı məlum olub ki, ailənin yaşadığı mənzildə müşahidə kamerası quraşdırılıb. İstintaqın məlumatına əsasən, ata qızının ölüm xəbərini eşitdikdən sonra mobil telefonu vasitəsilə kameranın yaddaşındakı görüntüləri silib.
Bu hərəkəti də hüquq-mühafizə orqanlarının diqqətini çəkib və kişi övladını öldürməkdə şübhəli bilinərək saxlanılıb.
Dindirmə zamanı ata körpənin ağlamasını dayandıra bilmədiyi üçün əsəbiləşdiyini və ona bir neçə dəfə zərbə endirdiyini etiraf edib.
Polisin ilkin qənaətinə görə, hadisə baş verən zaman körpənin anası başqa otaqda yatıb və ərinin hərəkətlərindən xəbərsiz olub.
Hüquq-mühafizə orqanları ailədə əvvəllər məişət zorakılığı ilə bağlı hər hansı şikayət və ya müraciətin qeydə alınmadığını da bildiriblər.
Hazırda müstəntiqlər silinmiş müşahidə kamerası görüntülərini bərpa etməyə çalışırlar. Məqsəd şübhəlinin ifadələrini yoxlamaq və hadisənin bütün təfərrüatlarını müəyyənləşdirməkdir.
Məhkəmə-tibbi ekspertizası körpənin dəqiq ölüm səbəbini, eləcə də onun əvvəllər zorakılığa məruz qalıb-qalmadığını müəyyən edəcək.
Polis şübhəli şəxsin həbs edilməsi üçün məhkəməyə vəsatət təqdim etməyə hazırlaşır.



