1916-cı il dekabrın 17-nə keçən gecə Yusupov sarayının zirzəmisində baş verən hadisə Rusiya imperiyasını inqilab uçurumuna bir qədər də yaxınlaşdırdı. Qriqori Rasputinin qətli o qədər mistik əhvalatlarla əhatə olundu ki, bu gün də bəzən onu tarixi hadisədən daha çox qotik qorxu filminin süjeti ilə qarışdırırlar.
Yəqin ki, məktəb illərindən knyaz Feliks Yusupovun və sağçı siyasətçi Vladimir Purişkeviçin xatirələrindəki həmin məşhur hekayəni çoxumuz xatırlayırıq: guya “qoca” bir kiloqram kalium sianid qəbul edib, zəhərlənmiş şərabla içib, ürəyindən güllə yarası aldıqdan sonra belə sağ qalıb, ayağa qalxaraq həyətə qaçıb və yalnız bir neçə əlavə güllə və dəmir toppuzla vurulduqdan sonra ölüb.
Qorxunc, mistik və olduqca təsirli bir əfsanədir. Ancaq qatillərin xatirələrini bir kənara qoyub professor Dmitri Kosorotovun tərtib etdiyi rəsmi meyit yarılması protokoluna nəzər salsaq, bu mifin heç də həqiqəti əks etdirmədiyini görərik. Qarşımıza isə tamamilə başqa, daha da kinayəli bir mənzərə çıxar.
Birinci yalan: xəyal edilən zəhər
Yusupov öz xatirələrində həkim Lazoverin çəhrayı kremli şirniyyatlara kalium sianid qatmasını təfərrüatı ilə təsvir edirdi. Lakin Kosorotovun ekspertiza nəticələri birmənalı idi: Rasputinin mədəsində zəhər aşkarlanmamışdı.
Bəs bunun səbəbi nə idi? İki ehtimal irəli sürülür. Birincisi, həkim Lazover son anda qorxuya düşərək zəhəri zərərsiz tozla əvəz etmiş ola bilərdi. İkincisi isə, ümumiyyətlə, zəhərləmə planı olmayıb və “ölməzlik” əhvalatı sonradan uydurulub.
Bəs niyə? Çünki bundan sonra baş verənləri — adi, çirkin və amansız bir qətli cəmiyyətin gözündə əsaslandırmaq lazım idi.
İkinci yalan: “ölü”nün”/ qaçışı
Tibbi baxımdan Yusupovun Rasputinin ürəyindən güllə yarası aldıqdan sonra qarlı həyətdə qaçması və hətta onu boğmağa cəhd etməsi barədə danışdıqları fantastikadan başqa bir şey deyil.
Meyit yarılmasının nəticələrinə əsasən, yaxın məsafədən açılan ilk atəş güclü daxili qanaxmaya və orqanizmin kəskin şok vəziyyətinə düşməsinə səbəb olmuşdu.
Həmin gecənin gerçək mənzərəsi mistik triller səhnəsindən çox uzaq idi. Sui-qəsdçilər — gənc, ərköyün aristokratlar — təşviş içində idilər. Qaranlıqda, qışqırıqlar və qarışıqlıq arasında artıq ölüm ayağında olan insana nizamsız şəkildə atəş açırdılar.
Əsas sirr: Britaniya izi
Bəs Yusupov və Purişkeviç öz xatirələrində niyə “toxunulmaz iblis” obrazı yaratmağa bu qədər ehtiyac duymuşdular?
Cavab üçüncü atəşdə gizlənir.
Məhkəmə-tibbi ekspertlər Rasputinin alnında hamar, ətrafı yanıq izləri ilə əhatələnmiş güllə giriş dəliyi aşkar etmişdilər. Atəş demək olar ki, yaxın məsafədən, Rasputin artıq yerdə uzanarkən açılmışdı. Lakin iddiaya görə, bu güllə sui-qəsdçilərin istifadə etdiyi tapançalardan deyil, Britaniya istehsalı olan .455 kalibrli Webley revolverindən atılmışdı.
Müasir tədqiqatçılardan, xüsusilə Skotlend-Yardın keçmiş əməkdaşı Riçard Kallenin araşdırmalarına görə, həmin gecə sarayda Britaniya kəşfiyyatının — MI6-nın zabiti, Yusupovun Oksford Universitetindən yaxın tanışı Osvald Reyner də olub.
London Rasputinin çarı Almaniya ilə ayrıca sülh müqaviləsi bağlamağa razı sala biləcəyindən ciddi narahat idi. Belə bir razılaşma Birinci Dünya müharibəsində Britaniyanın maraqlarına ağır zərbə vura bilərdi. İddialara görə, Reyner sui-qəsd zamanı mümkün riskləri aradan qaldırmaq üçün orada idi. Ehtimal olunur ki, sonuncu nəzarət atəşini də məhz o, soyuqqanlı şəkildə Rasputinin alnına açıb.
Mif nəyə lazım idi?
Yusupov və Purişkeviç etiraf edə bilməzdilər ki, guya Rusiyanı xilas etmək kimi böyük missiyanı onların əvəzinə xarici ölkənin kəşfiyyatçısı başa çatdırıb. Bu, milli rüsvayçılıq və xəyanət kimi qiymətləndirilə bilərdi.
Eyni zamanda, silahlı və nüfuzlu qvardiya zabitlərinin təşvişə düşərək silahsız bir kəndlini amansızcasına öldürdüklərini etiraf etmələri də onların aristokratik nüfuzuna uyğun gəlmirdi.
Beləliklə, onlar olduqca əlverişli bir çıxış yolu tapdılar: Rasputini şeytan obrazında təqdim etdilər.
Axı adi bir insanı öldürürsənsə, cəlladsan. Amma nə zəhərin, nə də güllənin öldürə bilmədiyi mistik və toxunulmaz bir canavarla mübarizə aparırsansa, deməli, sən vətənin xilaskarı, qəhrəman və cəsur bir cəngavərsən.
Beləliklə, Rasputinin qatilləri XX əsrin ilk böyük tarixi miflərindən birini yaratdılar. Rusiya cəmiyyəti isə bu əfsanəyə bu gün də inanmaqda davam edir.
Onlar düşünürdülər ki, “qocanı” öldürməklə taxt-tacı xilas edəcəklər. Lakin Rasputinin ölümü ilə imperiyanın sonuncu gərginlik amortizatorlarından biri də aradan qalxdı. Artıq ölkədə baş verən bütün fəlakətlərə görə xalqın qəzəbi birbaşa çarın və hakimiyyətin üzərinə yönəlirdi.
Rusiya monarxiyasının süqutuna isə cəmi iki aydan bir qədər çox vaxt qalırdı…
Hazırladı: Ağagül Mürsəlov,
KONKRET.az


