1940-cı ilin payızında Şərqi Prussiyanın Rastenburq şəhəri (indiki Polşanın Kentşin şəhəri) yaxınlığındakı insan ayağı az dəymiş meşədə gözlənilmədən genişmiqyaslı tikinti işlərinə başlanıldı. Yerli sakinlər qonşuluqda yeni kimya zavodunun inşa edildiyinə əmin idilər. Halbuki Mazuriya bataqlıqlarının arasında tamamilə başqa təyinatlı, məxfi bir obyekt inşa olunurdu.
Geniş mina sahələri, səngərlər, pulemyot qüllələri və bir neçə cərgə tikanlı məftil hasarlarla əhatə olunmuş bu ərazidə nasist Almaniyasının lideri Adolf Hitlerin Şərq cəbhəsindəki əsas hərbi qərargahı — “Canavar yuvası” (Wolfsschanze) yerləşəcəkdi.
1941–1944-cü illərdə Hitler ömrünün ümumilikdə iki ildən çoxunu burada keçirdi. Sovet İttifaqına qarşı aparılan ən mühüm hərbi əməliyyatların operativ idarəçiliyi məhz buradan həyata keçirilirdi. Yəni bu əməliyyatlara Berlindən deyil, sıx meşələrin qoynunda yaradılmış məxfi qərargahdan rəhbərlik edilirdi.
Fürerin əsas qərargahları
1941-ci il iyunun 24-də, səhər tezdən Şərqi Prussiyanın ucqarında yerləşən Gerlitz dəmir yolu stansiyasına xüsusi təyinatlı bir qatar gəldi. Qatarın qəribə adı vardı: Sonderzug Amerika — “Amerika” xüsusi qatarı.
15 vaqondan ibarət olan bu qatarın tərkibində iki zenit-artilleriya vaqonu, iki baqaj vaqonu, iki yataq vaqonu, iki qonaq vaqonu, iki restoran vaqonu, sanitar və hamam otaqları olan bir vaqon, qərargah vaqonu, mühafizə vaqonu, rabitə vaqonu və nəhayət, Üçüncü Reyxin rəhbərinin şəxsi otaqlarının yerləşdiyi Führerwagen — “Fürerin vaqonu” vardı.

Sovet İttifaqına qarşı müharibənin artıq üçüncü günü idi. Hitler “Barbarossa” əməliyyatına birbaşa rəhbərlik etmək üçün yenicə hazırlanmış cəbhə qərargahına gəlmişdi. Qarşıdakı dövrdə onu burada 800 gündən artıq vaxt keçirmək gözləyirdi. Sıx meşələrin, bataqlıqların və isti yay günlərində insanlara rahatlıq verməyən ağcaqanad sürülərinin əhatəsində iki ildən çox yaşayacaqdı.
Müharibə illərində Moskvadan və onun yaxın ətrafından nadir hallarda kənara çıxan Stalinlə müqayisədə Hitler öz paytaxtını, açığı, o qədər də sevmirdi. Fürerin saray memarı Albert Şpeerin hazırladığı və Berlini “Dünya paytaxtı Almaniya”ya (Welthauptstadt Germania) çevirməyi nəzərdə tutan layihələr hələ yalnız kağız üzərində idi. Buna görə də Hitler vaxtının böyük hissəsini Alp dağlarındakı “Berqhof” iqamətgahında, İkinci Dünya müharibəsi başlayandan sonra isə müxtəlif cəbhələrdə yaradılmış Führerhauptquartier — “Fürerin əsas qərargahlarında” keçirməyə üstünlük verirdi.
Əslində, Sonderzug Amerika da belə qərargahlardan biri idi. Sadəcə, bu, mobil qərargah idi və Hitler ondan Balkan hərbi kampaniyası zamanı istifadə etmişdi.
Fransanın işğalına isə o, artıq üç stasionar qərargahdan — “Tannenberq”, “Felsenest” və “Volfsşluxt”dan rəhbərlik etmişdi. Şərqi Prussiyada “Volfsşanse”nin tikintisinə isə Üçüncü Reyxin növbəti hədəfinin Sovet İttifaqı olduğu müəyyənləşdikdən dərhal sonra başlanıldı.
Qərargah üçün məhz bu ərazinin seçilməsində, görünür, silahlanma və sursat naziri, eyni zamanda nəhəng tikinti qurumu olan “Todt Təşkilatı”nın rəhbəri Fritz Todtun mühüm rolu olmuşdu.
“Todt Təşkilatı” nasist Almaniyasının ən böyük strateji tikinti layihələrini həyata keçirirdi. Avtomobil magistrallarının, “Qərb divarı”nın, sualtı qayıqlar üçün bunkerlərin və digər hərbi obyektlərin inşası da bu qurumun üzərinə düşürdü.
Todt vaxtilə Gerlitz yaxınlığındakı kiçik bir mehmanxanada istirahət etmişdi. Sıx meşələri, bataqlıqları və çoxsaylı gölləri ilə seçilən bu ərazi onun yaddaşında qalmışdı.
Məkanın seçilməsi üçün bir neçə mühüm səbəb vardı. Birincisi, ərazi Sovet sərhədinə kifayət qədər yaxın idi. İkincisi, meşəlik və bataqlıq relyefi müdafiəni nisbətən asanlaşdırırdı. Üçüncüsü isə buraya yaxşı nəqliyyat yollarının mövcudluğu və əhalinin az yaşaması genişmiqyaslı tikinti işlərini məxfi şəkildə həyata keçirməyə imkan verirdi.
Yeni qərargahın tikintisinə 1940-cı ilin payızında, SSRİ-yə qarşı blitskriq planını rəsmən təsdiqləyən 21 nömrəli direktivanın imzalanmasından bir qədər əvvəl başlanıldı.
Yerli əhali arasında belə bir şayiə yayılmışdı ki, Rastenburq yaxınlığında Askania Nord adlı kimya zavodu tikilir. Tikinti işlərinə cəlb olunan özəl podratçı şirkətlərlə bağlanan rəsmi müqavilələrdə də məhz bu şərti addan istifadə edilirdi.
Eyni vaxtda ərazidə 2–3 minə yaxın fəhlə çalışırdı. Lakin onların tərkibi mütəmadi dəyişdirilirdi ki, heç kim tikintinin əsl məqsədini müəyyənləşdirə bilməsin. Mütəxəssislərin hesablamalarına görə, Askania Nord layihəsinin inşasında ümumilikdə 20 minədək insan iştirak etmişdi.

“Canavar yuvası” necə qurulmuşdu?
Qərargah Wolfsschanze — “Canavar yuvası” adlandırıldı. Bu ad Hitlerə bir neçə səbəbdən xoş gəlirdi. O, canavarlara xüsusi maraq göstərirdi. Bundan başqa, “Volf” (alman dilində “canavar”) onun Almaniyada hakimiyyət uğrunda mübarizəsinin ilk illərindən istifadə etdiyi köhnə təxəllüsü idi. Elə buna görə də onun fəaliyyəti ilə bağlı bəzi obyektlərə “canavar” sözü ilə əlaqəli adlar verilirdi.
“Canavar yuvası” üçün Gerlitz meşəsinin təxminən 250 hektarlıq ərazisi ayrılmışdı. Ərazidən Rastenburq–Anqerburq dəmir yolu xətti keçirdi. Bu şəhərlər indiki Polşanın Kentşin və Venqojewo yaşayış məntəqələridir. Qərargahın tikintisinə başlanandan sonra həmin dəmir yolu xəttində sərnişin daşımaları dərhal dayandırıldı.
Əvvəlcə tikinti materialları bu xətt vasitəsilə əraziyə gətirilirdi. Daha sonra isə nasist rəhbərləri və onların çoxsaylı qonaqları xüsusi qatarlarla qərargaha məhz bu yolla gəlirdilər.
“Canavar yuvası”nı ölkənin digər əraziləri ilə birləşdirən alternativ nəqliyyat vasitəsi də vardı. Qərargahdan bir neçə kilometr aralıda, Vilhelmsdorf kəndinin (indiki Vilamovo) yaxınlığındakı çəmənlikdə hərbi aerodrom salınmışdı.
Qərargahın bütün ərazisi üç təhlükəsizlik zonasına bölünmüşdü.
Sperrkreis 3 — üçüncü təhlükəsizlik zonası kompleksin ən kənar hissəsini əhatə edirdi və əsas müdafiə səddini təşkil edirdi. İkiqat tikanlı məftil hasarların arasında geniş mina sahələri yerləşirdi. Burada müşahidə qüllələri, səngərlər və nəzarət-buraxılış məntəqələri yaradılmışdı. Bu zonanın mühafizəsi Fürerin müşayiət briqadası — Führerbegleitbrigade adlı xüsusi hərbi birliyə həvalə edilmişdi.
Sperrkreis 2 — ikinci təhlükəsizlik zonası da ayrıca tikanlı məftil hasarla əhatə olunmuşdu. Burada bəzi reyx nazirlərinin, o cümlədən Fritz Todtun, onun varisi Albert Şpeerin və xarici işlər naziri Yoahim fon Ribbentropun şəxsi yaşayış binaları yerləşirdi. Bundan başqa, qərargahın sıravi əməkdaşları və imperiya təhlükəsizlik xidmətinin işçiləri üçün kazarmalar tikilmişdi. Həmin xidmətin bölmələri Hitlerin və nasist rəhbərliyinin ən yüksək vəzifəli nümayəndələrinin birbaşa mühafizəsini həyata keçirirdi.
Sperrkreis 1 — birinci təhlükəsizlik zonası isə bütün kompleksin mərkəzində yerləşirdi. Bura qərargahın ən mühüm hissəsi idi. Hitler, Herman Görinq, Martin Borman, Vilhelm Keytel və Alfred Yodl burada yaşayır, işləyir və hərbi qərarlar qəbul edirdilər.
“Canavar yuvası”nda tikinti işləri son ana qədər davam etdi. Ümumilikdə burada müxtəlif təyinatlı 80-dən artıq tikili inşa olunmuşdu.
Hitleri daim öz həyatı ilə bağlı paranoyak qorxu narahat edirdi. Bu səbəbdən qərargahda getdikcə daha möhkəm bunkerlərin tikintisi prosesi dayanmırdı.
1941-ci ilin iyununda burada yalnız yüngül sığınacaqlar və müvəqqəti tikililər hazır idi. Onların bir qismi kərpic və betondan inşa olunmuşdu. Üçüncü Reyxin rəhbərliyi Sovet İttifaqına qarşı müharibənin qısa müddətdə başa çatacağını düşünür və Rastenburq yaxınlığında uzun müddət qalmağı planlaşdırmırdı.
Lakin müharibənin uzanacağı aydınlaşdıqca və müttəfiqlər Almaniya şəhərlərini bombalamağa başladıqca köhnə tikililər tədricən daha möhkəm, müdafiə qabiliyyəti yüksək olan bunkerlərlə əvəz edildi.
Bu prosesin kulminasiyası 1944-cü ilin yayında istifadəyə verilən yeni “Fürer bunkeri” oldu. Maraqlıdır ki, bu bunker Hitlerə qarşı məşhur sui-qəsd cəhdindən — 20 iyul hadisəsindən cəmi bir neçə gün sonra hazır vəziyyətə gətirilmişdi.
Fürerin sevimli memarı və Todtun ölümündən sonra silahlanma naziri vəzifəsini tutan Albert Şpeer öz xatirələrində bu bunkeri belə təsvir edirdi:
“Əgər hər hansı tikili müəyyən bir vəziyyətin rəmzinə çevrilə bilərdisə, bu, məhz həmin bina idi. Qədim Misir piramidalarını xatırladan bu tikili, əslində, pəncərəsiz və birbaşa havalandırma sistemi olmayan nəhəng beton monolitdən ibarət idi. Divarların beton kütləsi eninə kəsikdə binanın faydalı sahəsindən dəfələrlə böyük görünürdü”.
Şpeerin təsvirinə görə, Hitler bu beton “məqbərədə” yaşayır, işləyir və yatırdı. Divarların beş metrə çatan qalınlığı onu sözün həqiqi mənasında xarici aləmdən təcrid edirdi. Sanki bu divarlar Hitleri öz dəlilik dünyasına həbs etmişdi.
Hitlerin ən yaxın silahdaşları üçün də ölçüləri bir qədər kiçik olsa da, oxşar müdafiə bunkerləri tikilmişdi.
Meşənin içində gizlədilən nəhəng hərbi kompleks
“Canavar yuvası” son dərəcə məharətlə maskalanmışdı.
Hələ tikinti mərhələsində “Todt Təşkilatı”nın mütəxəssisləri qərargahı əhatə edən sıx qarışıq meşənin mümkün qədər qorunmasına çalışırdılar. Təbii kamuflyaj rolunu oynayan ağaclar əlavə olaraq xüsusi maskalanma torları ilə tamamlanırdı. Bu torlar piyada yollarının və avtomobil keçidlərinin üzərində gərilirdi.
Bütün binaların və digər tikililərin divarları ayrıca qoruyucu rənglərə boyanırdı. Damların üzərində isə ot örtüyü salınır, süni ağaclar yerləşdirilirdi. Beləliklə, tikililər yuxarıdan baxıldıqda meşə mənzərəsindən seçilmirdi.
Maskalanmanın keyfiyyətini yoxlamaq üçün kompleks üzərində mütəmadi olaraq təyyarələrlə uçuşlar həyata keçirilirdi. Məqsəd qərargahın havadan müşahidə zamanı aşkar edilməsinin qarşısını almaq idi.
Foto: Adolf Hitler və Almaniyanın xarici işlər naziri Yoahim fon Ribbentrop “Amerika” adlı xüsusi zirehli qərargah qatarının yanında.
Maraqlı tarixi detal: “Canavar yuvası” təkcə Hitlerin hərbi qərargahı deyildi. Bura həm də nasist Almaniyasının siyasi və hərbi elitasının gündəlik həyatının mərkəzlərindən birinə çevrilmişdi. Məhz bu kompleksdə 1944-cü il iyulun 20-də Klaus fon Ştauffenberq Hitleri öldürmək məqsədilə bomba yerləşdirmiş, lakin sui-qəsd cəhdi uğursuzluqla nəticələnmişdi.
Rəsmiyyə Şərifova,
KONKRET.az


