Gündəm · Konkret.az

Həlak olanların arasında uşaqlar və yaşlı insanlar | KONKRET

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Həlak olanların arasında uşaqlar və yaşlı insanlar | KONKRET xəbəri üçün şəkil

1985-ci il mayın 11-də İngiltərənin Bredford şəhərindəki stadionda baş verən yanğın 56 nəfərin həyatına son qoydu.

Həmin gün “Bredford Siti” komandası ikinci diviziona yüksəlməsini qeyd edirdi. “Linkoln”la keçirilən oyuna 11 mindən çox azarkeş gəlmişdi. Bu, adi günlərlə müqayisədə tamaşaçı sayının təxminən iki dəfə çox olması demək idi.

Birinci hissənin sonlarına yaxın azarkeşlər taxta tribunadan tüstü qalxdığını gördülər. Əvvəlcə çoxları vəziyyətin nə qədər ciddi olduğunu anlamadı, bəziləri isə tüstünün fişəngdən gəldiyini düşündü.

Lakin güclü küləyin təsiri ilə alov cəmi iki dəqiqə ərzində mərkəzi tribunanı bürüdü.

Stadionda dəhşətli çaxnaşma başladı. Bəzi azarkeşlər meydana qaçaraq xilas ola bildilər. Digərləri tribunaların altındakı keçidlərdən çıxmağa çalışırdı. Ancaq çıxışların qarşısında yaranan sıxlıq və bağlı qapılar faciənin miqyasını daha da artırdı. Bir çox insan tüstüdən boğularaq həyatını itirdi.

Həlak olanların arasında uşaqlar və yaşlı insanlar da var idi.

Rəsmi araşdırmaya görə, yanğına atılmış siqaret kötüyü və ya kibrit səbəb olmuş ola bilərdi. Köhnə taxta tribunanın altında uzun illər ərzində yığılıb qalmış zibil alovun sürətlə yayılmasına şərait yaratmışdı.

İngiltərə futbolunda təhlükəsizlik qaydaları dəyişdi

1989-cu ildə “Hillsborough” stadionunda daha bir dəhşətli faciə baş verdi. Bu hadisələr İngiltərədə stadionların təhlükəsizliyinə yanaşmanın əsaslı şəkildə dəyişməsinə təkan verdi. Köhnə və təhlükəli konstruksiyalar yeniləndi, tribunalar yenidən quruldu, tamaşaçıların təxliyəsi və yanğın təhlükəsizliyi ilə bağlı tədbirlər gücləndirildi.

Hər il mayın 11-də Bredford sakinləri həlak olanların xatirəsini yad etmək üçün “Valley Parade” stadionuna gül dəstələri gətirirlər.

Bu faciə futbol tarixində yalnız qara bir səhifə deyil, həm də insanların həyatının hər şeydən üstün tutulmalı olduğunu xatırladan acı bir dərsdir.

Rəsmiyyə Şərifova,
KONKRET.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑