1961-ci il oktyabrın 17-də Parisdə minlərlə əlcəzairli Fransa hakimiyyətinin tətbiq etdiyi komendant saatına etiraz etmək üçün küçələrə çıxdı. Həmin məhdudiyyət yalnız “Fransanın əlcəzairli müsəlmanları” adlandırılan əhaliyə şamil edilirdi. Dinc etiraz aksiyası Fransa tarixinin ən faciəli və uzun müddət susqunluqla əhatə olunmuş hadisələrindən birinə çevrildi.
Hadisələrin kökündə Fransanın Əlcəzair üzərində müstəmləkə hakimiyyəti, Əlcəzairin müstəqilliyi uğrunda mübarizə və həmin dövrdə ölkədə hökm sürən siyasi gərginlik dayanırdı. Fransa polisi nümayişi dağıdarkən minlərlə insanı saxladı, etirazçılara qarşı ağır zorakılıq tətbiq etdi. İnsanlar döyüldü, güllələndi, bəziləri isə Sena çayına atıldı. Həlak olanların dəqiq sayı bu gün də mübahisə mövzusudur.
Əlcəzair müstəqilliyi uğrunda mübarizə və Fransanın müstəmləkə siyasəti
Hadisələrin mahiyyətini anlamaq üçün Əlcəzairin Fransa ilə münasibətlərinin tarixinə nəzər salmaq lazımdır. Fransa 1830-cu ildə Əlcəzairi işğal etmiş, sonrakı illərdə ölkə üzərində nəzarətini genişləndirmişdi. Əlcəzairin şimal əraziləri adi müstəmləkə kimi deyil, Fransanın inzibati ərazi sisteminin bir hissəsi kimi təqdim edilirdi. Lakin bu hüquqi status yerli əhalinin fransızlarla bərabər hüquqlara malik olması demək deyildi. Əlcəzairlilər uzun illər ayrı-seçkilik, siyasi hüquqların məhdudlaşdırılması və sosial bərabərsizliklə üzləşirdilər.
1954-cü ildə Əlcəzairin müstəqilliyi uğrunda silahlı mübarizəyə start verildi. Milli Azadlıq Cəbhəsi (FLN) Fransa hakimiyyətinə qarşı mübarizənin əsas qüvvələrindən birinə çevrildi. Münaqişə təkcə Əlcəzair ərazisi ilə məhdudlaşmır, Fransada da ciddi siyasi və təhlükəsizlik böhranına səbəb olurdu.
FLN-in Fransadakı tərəfdarları və təşkilat strukturları ilə Fransa təhlükəsizlik qüvvələri arasında qarşıdurma getdikcə şiddətlənirdi. Fransa polisi və digər dövlət qurumları əlcəzairlilərə qarşı təzyiqləri artırır, eyni zamanda FLN tərəfdarlarının Fransa rəsmilərinə və polis əməkdaşlarına qarşı hücumları da baş verirdi. Bu gərginliyin fonunda Paris polisinin rəhbəri Moris Paponun təşəbbüsü və Fransa hakimiyyətinin dəstəyi ilə əlcəzairlilərə qarşı ayrı-seçkilik xarakterli komendant saatı tətbiq edildi.
Komendant saatına qarşı etiraz və qanlı gecə
1961-ci il oktyabrın 17-də FLN Fransada yaşayan əlcəzairliləri komendant saatına etiraz etmək üçün Parisdə dinc nümayişə çağırdı. Aksiyanın məqsədlərindən biri ayrı-seçkilik xarakterli məhdudiyyətlərə qarşı çıxmaq, digəri isə Əlcəzairin müstəqilliyi tələbinə ictimai diqqəti cəlb etmək idi.
Nümayişə kişilərlə yanaşı, qadınlar və uşaqlar da qatılmışdılar. Təşkilatçılar iştirakçılara təxribatlara uymamaq və silah daşımamaq barədə göstəriş vermişdilər. Bununla belə, Fransa polisi aksiyanı son dərəcə sərt şəkildə dağıtmağa başladı.
Paris küçələrində baş verənlər qısa müddətdə kütləvi zorakılığa çevrildi. Polis əməkdaşları nümayişçiləri döyür, bəzilərinə atəş açır, insanları zorla nəqliyyat vasitələrinə mindirərək müvəqqəti saxlanma məntəqələrinə aparırdılar. Şahid ifadələrində bəzi əlcəzairlilərin Sena çayına atıldığı, digərlərinin isə aldıqları xəsarətlərdən öldüyü bildirilirdi.
Bir neçə saat ərzində təxminən 12 min nəfər saxlanıldı. Saxlanılanların bir hissəsi idman saraylarına, stadionlara və digər müvəqqəti saxlama yerlərinə aparıldı. Zorakılıq yalnız küçələrdə bitmədi: saxlanma məntəqələrində də insanların döyülməsi və pis rəftara məruz qalması barədə məlumatlar mövcuddur.
Bu hadisə Parisin müharibədən sonrakı tarixində polis zorakılığının ən ağır nümunələrindən biri hesab olunur. Paytaxtın mərkəzində baş verən qətliam uzun müddət Fransa ictimaiyyətinin böyük hissəsindən gizli qaldı və ya rəsmi məlumatlarda miqyası kiçildildi.
Həlak olanların sayı niyə bu gün də mübahisəlidir?
17 oktyabr hadisələrinin ən ağrılı tərəflərindən biri qurbanların dəqiq sayının müəyyənləşdirilməməsidir.
Fransa hakimiyyətinin ilkin açıqlamalarında cəmi üç nəfərin öldüyü bildirilirdi. Lakin şahid ifadələri, arxiv sənədləri, sonrakı araşdırmalar və tarixçilərin tədqiqatları bu rəqəmin faciənin real miqyasını əks etdirmədiyini göstərdi.
Tarixçilərin hesablamaları fərqlənir. Bəzi tədqiqatçılar həmin gecə bir neçə onlarla insanın öldürüldüyünü hesab edir, digərləri isə qurbanların sayının 100-dən çox, hətta 200–300 nəfərə çata biləcəyini irəli sürürlər. Burada mühüm fərq də var: bəzi rəqəmlər yalnız oktyabrın 17-də baş verənləri, digərləri isə həmin ilin sentyabr-oktyabr aylarında əlcəzairlilərə qarşı həyata keçirilmiş zorakılıqları əhatə edir. Buna görə də bütün qiymətləndirmələri eyni zaman çərçivəsinə aid etmək düzgün olmazdı.
Yüzlərlə insanın yaralandığı, minlərlə şəxsin saxlanıldığı barədə məlumatlar isə hadisənin miqyasını aydın göstərir. Sena çayında tapılan cəsədlər və yaxınlarını axtaran ailələrin ifadələri də faciənin yaddaşlarda silinməz iz qoymasına səbəb oldu.
Uzun illər ərzində bu hadisənin araşdırılmasına və ictimai müzakirəsinə mane olan amillərdən biri də rəsmi susqunluq idi. Hadisələrin şahidləri və jurnalistlər zorakılıq barədə məlumatlar versələr də, qurbanların sayı, məsuliyyətin kimlərin üzərinə düşməsi və dövlət qurumlarının rolu ilə bağlı mübahisələr davam edirdi.
Fransa hadisələri nə vaxt tanımağa başladı?
17 oktyabr 1961-ci il qətliamı Fransa ilə Əlcəzair arasında tarixi yaddaş və müstəmləkə keçmişi ilə bağlı mübahisələrin əsas mövzularından biri olaraq qaldı. Hadisələrin araşdırılması, arxivlərin açılması və şahidlərin ifadələrinin toplanması faciənin miqyasının daha dərindən öyrənilməsinə imkan verdi.
2021-ci ildə Fransa prezidenti Emmanuel Makron hadisənin 60-cı ildönümü ilə əlaqədar Parisdəki xatirə mərasimində iştirak etdi və baş verənləri respublika üçün bağışlanmaz hadisə kimi qiymətləndirdi. Bu addım tarixi yaddaş baxımından mühüm sayılsa da, Fransa dövlətinin məsuliyyətinin tam və hüquqi baxımdan tanınması məsələsi ətrafındakı müzakirələri bitirmədi.
2024-cü il martın 28-də isə Fransa Milli Assambleyası 1961-ci il oktyabrın 17-də Parisdə əlcəzairlilərə qarşı törədilmiş qətliamın tanınması və pislənməsi haqqında qətnamə qəbul etdi. Bu qərar hadisənin Fransa parlamenti səviyyəsində tarixi qiymətləndirilməsi baxımından əhəmiyyətli addım oldu.
Bununla belə, qətliamın qurbanlarının dəqiq sayının müəyyənləşdirilməsi, dövlət məsuliyyətinin qiymətləndirilməsi və tarixi yaddaşın qorunması ilə bağlı məsələlər tam həll olunmayıb.
Hazırladı: Rəsmiyyə Şərifova,
KONKRET.az




