İdman · İdman.biz

“Zirə”nin kapitanı: “Medallar uğrunda mübarizə aparacağıq” - MÜSAHİBƏ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Zirə”nin kapitanı: “Medallar uğrunda mübarizə aparacağıq” - MÜSAHİBƏ xəbəri üçün şəkil

“Oyunları təhlil edərkən görürük ki, hazırda çempionatda istər sonuncu, istərsə də birinci pillədə qərarlaşan komanda olsun, heç kim asanlıqla qələbə qazana bilmir”.

Bunu “Zirə”nin kapitanı Qismət Alıyev Azərbaycan Kubokunun ikinci təsnifat mərhələsinin turunda “Səbail”i 2:2 (p.3:2) hesabı ilə məğlub etdikləri oyundan sonra sportify.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- “Səbail”in oyunlarını əvvəlcədən təhlil etmişdiniz. Rəqibin güclü komanda olduğunu bilirdiniz. Çətin oyun olacağını gözləyirdinizmi?

- Oyunla bağlı təhlillər apararkən, “Səbail”in həqiqətən də çox yaxşı komanda olduğunu bilirdik. İstər yerli futbolçuları, istərsə də legionerləri olsun, güclü heyətə malikdirlər. Yerli futbolçuların bir qismi ötən mövsüm yüksək liqada çıxış edirdi. Buna görə də bizi çətin oyunun gözlədiyini bilirdik. Bəlkə də düşünürdük ki, matçın taleyini 90 dəqiqə ərzində həll edəcəyik. Ancaq oyun penalti seriyasına qədər uzandı. Ən azından sonda qələbə qazanmağı bacardıq.

- Müdafiədə buraxılan səhvlər diqqət çəkir. Komanda iki dəfə hesabda önə keçsə də, qapısında qollar gördü. Bunun səbəbi nədir?

- Çempionat oyunlarında da baş məşqçimiz Rəşad Sadıqov bu məsələyə daim diqqət çəkir. Həm məşqlərdə, həm də oyunlardan sonra keçirilən iclaslarda bizə bu barədə danışır. İstəmədiyimiz səhvlər nəticəsində qapımızda qollar görürük. Bu məsələdə daim diqqətli olmalıyıq. Bu gün də rəqib qapımıza iki təhlükəli zərbə vurdu və hər ikisi qolla nəticələndi. Bu səhvlərin üzərində işləməli, daha diqqətli olmalıyıq. Məşqçimiz də oyunsonrası söhbətdə bunu bizə bir daha xatırlatdı.

- Maraqlıdır ki, həm əsas vaxtda erkən qol vurdunuz, həm də oyunun sonlarında qol buraxdınız. Əlavə vaxtda da eyni ssenari təkrarlandı. Bu, konsentrasiya itkisi və ya psixoloji problemlə bağlı ola bilərmi?

- Məncə, burada konsentrasiya ilə bağlı ciddi problem yoxdur. Bugünkü oyunda da gördünüz ki, komandamızda rotasiya üçün futbolçu qıtlığı var. Düşünürəm ki, zədəlilərimiz də komandaya qayıtdıqdan sonra baş məşqçimizin sərəncamında daha geniş heyət olacaq. Bu gün əlimizdəki futbolçularla maksimum çalışdıq ki, oyunun taleyini 90 dəqiqə ərzində həll edək. Ancaq oyun əlavə vaxta getdi. İndi bu matçı unudub qarşıdakı görüşə köklənməliyik. Artıq oktyabrın 31-də Şamaxıda “Araz-Naxçıvan”la Premyer Liqa oyunumuz var. Dərhal bərpa prosesinə başlayıb həmin matça hazırlaşmalıyıq.

- “Araz-Naxçıvan”la oyun çətin olmayacaq?

- Oyunları təhlil edərkən görürük ki, hazırda çempionatda istər sonuncu, istərsə də birinci pillədə qərarlaşan komanda olsun, heç kim asanlıqla qələbə qazana bilmir. “Araz-Naxçıvan”ın son oyununa da baxmışıq. Yeni baş məşqçi Yuri Maksimovun gəlişindən sonra komandanın baxımlı futbol oynamağa çalışdığını görürük. Son matçda da üstün tərəf onlar idi, sadəcə məğlub oldular. Rəqibi daha yaxından təhlil edəcəyik. Heyətlərində fərdi keyfiyyətləri yüksək olan futbolçular var. Qarşıdakı oyuna da qələbə qazanmaq məqsədilə çıxacağıq.

- “Səbail” ilə qarşılaşmada penalti zərbələrini kimlərin vuracağını əvvəlcədən müəyyənləşdirmişdinizmi və kapitan kimi beşinci zərbəni öz üzərinizə götürməyə öncədən, yoxsa həmin anda qərar verdiniz?

- Bəli, baş məşqçimiz oyun başa çatdıqdan sonra futbolçulara penaltiləri hansı ardıcıllıqla vuracaqlarını bildirmişdi. Mən də beşinci zərbəni vuracağımı demişdim. Meydana çıxıb zərbəni yerinə yetirdim və komandamızın qələbə qazanmasına kömək etdim.

– Rəşad Sadıqov mətbuat konfransında “Zirə”nin sıx oyun qrafiki və zədələrin çıxışlarınıza təsir göstərdiyini bildirdi. Bir kapitan kimi bu çətinlikləri öz üzərinizdə necə hiss edirsiniz?

– “Səbail”lə oyunda bunun çətinliyini aydın şəkildə gördük. Ehtiyat oyunçular skamyasında cəmi üç-dörd futbolçumuz var idi. Oktyabrın 18-də “Kəpəz”lə çempionat oyununda David Volkovun zədələnməsi və kubok matçında komandaya kömək edə bilməməsi hücumlarımızı axsatdı. Əlimizdən gəldiyi qədər bu itkiləri kompensasiya etməyə və onların yoxluğunu oyunda hiss etdirməməyə çalışırıq. Ancaq son matçlarda zədəli futbolçularımızın komanda üçün nə qədər vacib olduqlarını görürük. Onlar da sıraya qayıdıb formalarını bərpa etdikdən sonra düşünürəm ki, komandamız üçün daha yaxşı olacaq.

– Avrokuboklar uğrunda mübarizədə əsasən “Neftçi”, “Qarabağ”, “Sabah” və bəzən “Turan”ın adları çəkilir. “Zirə” isə bu siyahıdan kənarda qalır. Bu fikirlə razısınız?

– Artıq neçə mövsümdür ki, komandamız avrokuboklarda, o cümlədən Konfrans Liqasında iştirak edir və çempionatda yuxarı pillələr uğrunda mübarizə aparır. Mövsümün əvvəlidir, indidən heç nə demək olmur. Bizim əsas fikrimiz qarşıdakı oyunlara yönəlməkdir. Bacardığımız qədər yüksək pillələrdə qərarlaşmağa və medallar uğrunda mübarizə aparmağa çalışacağıq.

– Milli komandaya dəvət almamağınızı nə ilə əlaqələndirirsiniz: Bu, yaş amili, heyətin gəncləşdirilməsi, yoxsa baş məşqçi Ayxan Abbasovla münasibətlərinizlə bağlı ola bilər?

– Xeyr, baş məşqçi ilə aramızda heç bir problem yoxdur. Gəncləşdirmədən danışırsınızsa, son toplanışda həm gənc, həm də təcrübəli futbolçular var idi. Düşünürəm ki, Ayxan müəllimin həmin oyunlar üçün öz planı və seçimləri olub. Mən də əlimdən gələni edirəm ki, qarşıdakı təlim-məşq toplanışında milli komandaya dəvət alım.

– Bu məsələ ilə bağlı baş məşqçi ilə şəxsi söhbətiniz olubmu?

– Baş məşqçi ilə bu barədə xüsusi söhbətim olmayıb. Ancaq son təlim-məşq toplanışından sonra Ayxan müəllimlə görüşümüz olub.

– İyun toplanışında Malta ilə yoldaşlış oyunu zamanı əvəzlənməyinizdən narazılığınızın olduğu və bunun baş məşqçi ilə münasibətlərinizə təsir etdiyi bildirilirdi. Bu iddialar nə dərəcədə doğrudur?

– Açığı, bu söhbətin haradan çıxdığını və necə yayıldığını bilmirəm. Ayxan müəllim istər milli komandada işlədiyi vaxt, istərsə də başqa dövrlərdə mənim hər zaman bəyəndiyim və hörmət etdiyim baş məşqçi olub. Onunla aramızda heç bir problem yoxdur. Ola bilər ki, əvvəlki təlim-məşq toplanışında baş məşqçi başqa futbolçuları sınamaq istəyib. Bu, onun qərarıdır. Malta ilə bağlı söhbətlərdən sonra həmin oyunun 90 dəqiqəsinə yenidən baxmışam. Mən də meydanda olmuşam, amma bu narazılıq məsələsinin haradan yarandığını bilmirəm. Bir daha deyirəm ki, Ayxan müəllimlə aramızda heç bir problem yoxdur.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑