“Sabah” futbol klubunun prezidenti Maqsud Adıgözəlov Rusiyanın “Sport-Ekspress” nəşrinə geniş müsahibəsində klubun inkişafı, maliyyə siyasəti və UEFA Çempionlar Liqasının əsas mərhələsinə tarixi yüksəlişi ilə bağlı bir sıra maraqlı məqamları açıqlayıb.
İdman.Biz xəbər verir ki, nəşrin şərhçisi İqor Rabinerlə söhbətində Azərbaycan çempionunun rəhbəri Çempionlar Liqasındakı iştirakdan əldə olunan gəlirin artıq klubun illik büdcəsini üstələdiyini bildirib. Bununla belə, “Sabah” bu vəsaiti bahalı transferlərə sərf etmək niyyətində deyil.
Əvəzində klub “Sabah Endowment” adlı xüsusi investisiya fondu yaradıb. Adıgözəlovun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə münasibətilə ayırdığı beş milyon manat, eləcə də UEFA-dan əldə olunan gəlirin bir hissəsi həmin fonda yönəldiləcək. Vəsaitin investisiyasından qazanılan gəlir futbol akademiyasının maliyyələşdirilməsinə sərf olunacaq. Hazırda akademiyanın saxlanması klub üçün ildə təxminən 1-1,2 milyon avroya başa gəlir.
Çempionlar Liqasına yüksəlməsinə baxmayaraq, “Sabah” əməkhaqqı siyasətini də dəyişməyib. Klub prezidenti ən yüksək futbolçu maaşının illik təxminən 350 min avro olduğunu təsdiqləyib. Məhz müəyyən edilmiş maliyyə çərçivəsindən kənara çıxmaq istəməməsi “Sabah”ın sonradan “Rostov”a keçən müdafiəçi İqor Noqeyranı heyətdə saxlamasına mane olub.
Müsahibədə sabiq baş məşqçilərin xidmətlərinə də geniş yer ayrılıb. Adıgözəlov Murad Musayevin rəhbərliyi dövründə “Sabah”ın orta pillələrdə qərarlaşan komandadan çempionatın əsas favoritlərindən birinə çevrildiyini vurğulayıb. Vasili Berezutski isə klubun tarixində ilk titulu — Azərbaycan Kubokunu qazandırıb.
Musayevin “Sabah”a dəvət olunması ilə bağlı maraqlı hadisə də açıqlanıb. Mütəxəssisin “Nə? Harada? Nə zaman?” intellektual oyununa maraq göstərdiyini öyrənən Adıgözəlov yaxın dostu Balaş Qasımovdan məşqçiyə zəng etməsini xahiş edib. Gözlənilməz telefon danışığı sonradan uğurlu danışıqların başlanğıcına çevrilib.
Klub rəhbərinin sözlərinə görə, “Sabah” Musayevlə yollarını ayırmaq istəməyib və ona uzunmüddətli müqavilə də təklif edib. Lakin ayrılmaq qərarını məşqçi özü verib. Berezutski isə şəxsi səbəblərə görə klubdan gedib və bu barədə rəhbərliyi Azərbaycan Kubokunun finalından xeyli əvvəl məlumatlandırıb.
Adıgözəlov klubun infrastruktur planlarını da açıqlayıb. “Sabah” məşq bazasına daha yaxın yerləşən başqa bir stadionu sonradan almaq hüququ ilə icarəyə götürüb. Arenanın tamaşaçı tutumunun on min nəfərə çatdırılması planlaşdırılır. Məqsəd gələcəkdə Çempionlar Liqası da daxil olmaqla bütün ev oyunlarını həmin stadionda keçirmək imkanı yaratmaqdır.
Klub prezidenti Azərbaycan çempionatında legioner limitinin ləğvini də dəstəkləyib. Onun fikrincə, yerli futbolçular əsas heyətdə yerlərini pasportlarına görə deyil, sağlam rəqabət nəticəsində qazanmalıdırlar. Bununla yanaşı, Adıgözəlov belə qərarın milli komandaya qısamüddətli təsirinin birmənalı olmaya biləcəyini də etiraf edib.
Müsahibədə “Sabah”ın azarkeş auditoriyasını genişləndirmək istiqamətində gördüyü işlərə də toxunulub. Adıgözəlov klubun əsas hədəf auditoriyasının universitetlərdə təhsil alan gənc və savadlı insanlar olduğunu bildirib. Onun sözlərinə görə, son iki ildə avrokuboklarda, indi isə Çempionlar Liqasında çıxış etmək müxtəlif yaş qruplarından olan azarkeşlərin sayını artırıb.
Klub prezidenti gənc komanda olaraq azarkeş sayı baxımından “Neftçi” və “Qarabağ”la rəqabət aparmağın çətinliyini də etiraf edib. O, xüsusilə “Neftçi”nin 60 il əvvəl SSRİ çempionatının mükafatçısı olduğunu, azarkeşlik ənənələrinin nəsildən-nəslə ötürüldüyünü vurğulayıb:
"Başa düşürük ki, gənc klub olaraq tamaşaçı uğrunda “Neftçi” ilə rəqabət aparmaq bizim üçün çətindir. “Neftçi” Azərbaycanın ən köklü komandasıdır. 60 il əvvəl SSRİ çempionatının mükafatçısı olub. Onun azarkeşlik ənənələri babadan ataya, atadan oğula ötürülüb. Eyni zamanda, artıq 12 ildir avrokuboklarda çıxış edən “Qarabağ”la da rəqabət aparırıq".
Bununla belə, “Sabah”ın da tədricən öz azarkeş bazasını formalaşdırdığını bildirib. Adıgözəlov “Neftçi”nin köhnə azarkeşləri arasında klubun uğurlarına qarşı qısqanclıq olduğunu düşünmədiyini də qeyd edib.
Müsahibədə Dortmund “Borussiya”sı ilə oyundan sonra yaranmış vəziyyətə də toxunulub. Almaniya klubunun futbolçularının suyun keyfiyyəti ilə bağlı narahatlığa görə Bakı Olimpiya Stadionundakı duşlardan istifadə etmədikləri barədə məlumatlar yayılmışdı. Adıgözəlov ilkin analizlərdə təhlükəli bakteriyanın aşkar edilmədiyini bildirib. “Sabah” rəsmi yoxlamanın nəticələrini gözləyir və məsələ ilə bağlı UEFA-ya müraciət etməyi planlaşdırır.
Gələcək hədəflərdən danışan prezident klubun hazırkı əsas idman məqsədinin Azərbaycan çempionatında uğurlu çıxış edərək ötən mövsümkü nəticəni təkrarlamaq olduğunu vurğulayıb. Uzunmüddətli perspektivdə isə “Sabah” avrokubokların əsas mərhələlərinin daimi iştirakçısına çevrilməyi, ev oyunlarına daha çox azarkeş cəlb etməyi və əsas komandada akademiya yetirmələrinin sayını artırmağı hədəfləyir.



