İtaliyanın “Sampdoriya” futbol komandasının və Azərbaycanın U-21 millisinin hücumçusu Lorenzo Mezzotero əsas heyətdə ilk qolunu vurub.
İdman.Biz xəbər verir ki, 18 yaşlı futbolçu İtaliya B Seriyasının 10-cu turunda “Virtus Entella” ilə keçirilən ev oyununda fərqlənib.
Oktyabrın 31-də Genuyadakı “Luici Ferraris” stadionunda baş tutan qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayan Mezzotero 17-ci dəqiqədə zədələnən belçikalı yarımmüdafiəçi Yari Versxarenin əvəzinə meydana daxil olub.
Gənc hücumçu 42-ci dəqiqədə sloveniyalı Tyaş Begiçin ötürməsindən sonra topu rəqib qapısından keçirərək meydan sahiblərinin üstünlüyünü artırıb.
Buna qədər, 23-cü dəqiqədə qonaqların müdafiəçisi Andrea Tirityellonun avtoqolu ilə hesab açılıb. Qarşılaşma “Sampdoriya”nın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu qol Mezzoteronun “Sampdoriya”nın əsas komandasında və İtaliya B Seriyasında ilk qolu kimi tarixə düşüb. Gənc futbolçu məcburi əvəzetmədən sonra ilk hissədə fərqlənməyi bacarıb.
16 avqust 2008-ci ildə İtaliyanın Montsa şəhərində anadan olan hücumçu uşaqlığının bir hissəsini Azərbaycanda keçirib. O, “Qarabağ” və “Neftçi”nin futbol akademiyalarında məşq edib.
Hazırda Azərbaycanın U-21 millisində çıxış edən Mezzotero əvvəllər “Sampdoriya”nın gənclər komandasında məhsuldar oyunu ilə diqqət çəkib.
“Sampdoriya” bu qələbə ilə uğursuz nəticələr seriyasına son qoyub, azərbaycanlı futbolçu isə komandasının üç xal qazanmasında mühüm rol oynayıb.




