İngiltərənin “Arsenal” futbol komandasının baş məşqçisi Mikel Arteta Premyer Liqanın doqquzuncu turunda “Liverpul” üzərində qazanılan 1:0 hesablı qələbəni şərh edib.
İdman.Biz xəbər verir ki, ispaniyalı mütəxəssis London təmsilçisinin 14 illik uğursuz seriyaya son qoymasından məmnunluğunu ifadə edib.
“Bu qarşılaşma komandamızla əlaqəsi olan hər kəs üçün xüsusi əhəmiyyət daşıyırdı. “Enfild”də 14 il qələbə qazanmamaq çox uzun müddətdir. “Flitvud”a məğlubiyyətdən sonra baş verən hər şeyin bir səbəbi olduğunu düşündük. Həmin məğlubiyyət bizdə qələbə aclığını artırdı. Komandamızın bu gün etdikləri sadəcə inanılmazdır”, - deyə Arteta bildirib.
Baş məşqçi oyunun gedişində hər iki komandanın təhlükəli hücumlar qurduğunu, lakin futbolçularının çətin anlarda mübarizə əzmi nümayiş etdirdiyini vurğulayıb.
“Görüşün gedişi bəzən dəyişirdi. Altı-yeddi qol imkanı yaratdıq. Ancaq qeyri-dəqiq ötürmə etdiyimiz anda rəqib dərhal topu almağa çalışırdı və meydanda qarışıqlıq yaranırdı. “Liverpul”un sürətli, şaquli hücumlar qurmaq bacarığı diqqətəlayiqdir. Amma məni ən çox heyrətləndirən komandamızın bütün bu təzyiqə davam gətirməsi oldu”, - deyə mütəxəssis əlavə edib.
Arteta qələbəyə layiq olduqlarını da bildirib:
“Liverpul” son vaxtlar yaxşı formadadır. Buna baxmayaraq, biz bu qələbəni haqq etdik. Futbolçularım tərifə layiqdirlər”.
Qeyd edək ki, “Enfild” stadionunda keçirilən qarşılaşmanın yeganə qolunu 16-cı dəqiqədə Kay Haverts vurub. Bununla da “Arsenal” 14 ildən sonra ilk dəfə “Liverpul”u səfərdə məğlub edib.





