İdman · İdman.biz

Baş məşqçilərin etirafları və altı medal: güləş millimiz Astanada nəyi itirdi? - İDMAN.BİZ-in TƏHLİLİ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Baş məşqçilərin etirafları və altı medal: güləş millimiz Astanada nəyi itirdi? - İDMAN.BİZ-in TƏHLİLİ xəbəri üçün şəkil

Güləş üzrə Astanada başa çatan dünya çempionatında Azərbaycan millisinin altı medalı (iki qızıl, iki gümüş, iki bürünc) kağız üzərində pis nəticə kimi görünmür. Amma sərbəst güləş millisinin baş məşqçisi Xetaq Qazyumov çempionatın son günü azarkeşlərdən üzr istəyib, yunan-Roma güləşi üzrə baş məşqçi Məhəmməd Banə isə beş-altı medal gözlədiyini etiraf edərək məsuliyyəti öz üzərinə götürüb.

İdman.Biz xəbər verir ki, hər iki məşqçinin narazılığının səbəbi rəqəmlərin arxasındadır. Astana bir neçə problemi açıq göstərdi: komanda həlledici anları itirir, yunan-Roma güləşinin aparıcı idmançılarının bir qismi Olimpiya proqramından kənar çəkilərdə mübarizə aparır, sərbəst güləş qızıla çata bilmir, gənclər isə boşluqları doldurmağa hələ hazır deyil.

Doqquz görüş, bir ssenari

Qazyumovun əsas iradı belə səslənir: “Xüsusilə həlledici qarşılaşmalardakı çıxışları bizi məyus etdi.” Bu, ümumi söz deyil, rəqəmlər onu təsdiqləyir. Azərbaycan güləşçiləri Astanada doqquz görüşü ya öndə olarkən, ya da bir xal fərqlə uduzub.

Nihat Məmmədli finalda 4:0 hesabı ilə öndə idi, 4:8 hesabı ilə uduzdu. Qurban Qurbanov 6:0 hesabı ilə irəlidə olduğu görüşü rəqibin son 36 saniyədəki fəndindən sonra 6:7 hesabı ilə itirdi. İslam Abbasov sonradan dünya çempionu olan Semyon Novikova qarşı 5:0 hesabı ilə öndə idi, son 10 saniyədə xal buraxaraq 5:6 hesabı ilə məğlub oldu. Həsrət Cəfərov bürünc medal görüşündə son dəqiqədə 5:1 hesabı ilə öndə idi, 5:8 hesabı ilə uduzdu. İslam Bazarqanov yarımfinalda 10 xal toplayıb öndə olsa da, kürəyi xalçaya gətirildi. Cəfərov yarımfinalı 1:1 hesabı ilə son xala görə, Murad Əhmədiyev və Nurəddin Novruzov 4:5, Arseni Cioyev isə finalı 2:3 hesabı ilə itirdi.

Medal mərhələsində də eyni mənzərədir. On azərbaycanlı güləşçi ya finala, ya da bürünc medal görüşünə çıxıb, onlardan altısı medal qazanıb. Sərbəst güləşdə beş bürünc görüşündən üçü uduzulub.

Finala çıxanlar:
1. Eldəniz Əzizli (yunan-Roma, 55 kq): qızıl
2. Sənan Süleymanov (yunan-Roma, 77 kq): qızıl
3. Nihat Məmmədli (yunan-Roma, 63 kq): gümüş
4. Arseni Cioyev (sərbəst, 86 kq): gümüş

Bürünc medal görüşünə çıxanlar:
5. Giorgi Meşvildişvili (sərbəst, 125 kq): qalib gəlib, bürünc
6. Əli Tsokayev (sərbəst, 92 kq): qalib gəlib, bürünc
7. Həsrət Cəfərov (yunan-Roma, 67 kq): uduzub, beşinci yer
8. İslam Bazarqanov (sərbəst, 57 kq): uduzub, beşinci yer
9. Cəbrayıl Hacıyev (sərbəst, 79 kq): uduzub, beşinci yer
10. Turan Bayramov (sərbəst, 74 kq): uduzub, beşinci yer

Nihat Məmmədli finaldan sonra tələsdiyini və çox səhv etdiyini etiraf edib, baş məşqçi Məhəmməd Bəna isə güləşçilərlə psixoloji iş aparılmasının vacibliyini vurğulayıb. Yəni texniki hazırlıqdan çox, görüşü idarə etmək və üstünlüyü qorumaq bacarığı çatışmır.

Güc Olimpiya proqramından kənardadır

Altı medaldan yalnız üçü 2028-ci il Los-Anceles Olimpiadasının proqramına daxil olan çəkilərdədir: Sənan Süleymanovun qızılı (77 kq), Cioyevin gümüşü (86 kq) və Giorgi Meşvildişvilinin bürüncü (125 kq). Yunan-Roma güləşinin ən güclü adları Olimpiya proqramından kənar çəkilərdə çıxış edir. Eldəniz Əzizli 55 kq-da beşinci dəfə dünya çempionu olub, Nihat Məmmədli 63 kq-da, ikiqat dünya çempionu Ülvi Qənizadə 72 kq-da, ikiqat Avropa çempionu Qurbanov isə 82 kq-da güləşir.

Yunan-Roma güləşinin altı Olimpiya çəkisində yalnız Süleymanov medal qazanıb. 87, 97 və 130 kq-da güləşçilərimiz medal mərhələsinə çıxa bilməyib. Bu fonda çəki dəyişiklikləri qaçılmaz görünür. Məmmədlinin 60 kq-a enməsi, Qurbanovun 87 kq-da sınanması ehtimalı var. Sərbəst güləşdə ilk dünya çempionatında bürünc medal qazanan Əli Tsokayev isə son açıqlamasında çəkisini artırmağı planlaşdırdığını bildirib. O, aprel ayında hədəfinin 97 kq olduğunu deyib. Bu çəkidə Paris Olimpiadasının bürünc medalçısı Maqomedxan Maqomedov Astanada 1/4 finalda uduzub. Olimpiya proqramından kənar çəkilərdə çıxış edən güləşçilər üçün kateqoriya dəyişikliyi seçim yox, Olimpiadaya vəsiqə uğrunda mübarizənin zəruri şərtidir. Əsas çətinlik isə yeni çəkiyə uyğunlaşmaq və millidə rəqabətdən qalib çıxmaqdır. İlk Olimpiya təsnifatına, 2027-ci ilin sentyabrında keçiriləcək dünya çempionatına qədər cəmi on ay qalır.

Sərbəst güləş: zirvə ilə məsafə

Sərbəst güləşçilər komanda hesabında 88 xalla dördüncü olub, amma ilk üçlüklə fərq medal rəngindədir. ABŞ beş, Rusiya üç, İran iki qızıl medal qazanıb, Azərbaycan isə ikinci il ardıcıl qızılsız qalıb. Qazyumov 2025-ci ildə Zaqrebdən sonra da “Hələlik qızıl medala çata bilmədik” deyib. O zaman dörd medal qazanılıb, Astanada isə üç.

Dinamika da qarışıqdır. Cioyev bürüncdən gümüşə yüksəlib, Tsokayev ilk çıxışında medal qazanıb. Amma ötən ilin dünya ikincisi Meşvildişvili bürüncə enib, ötən ilin bürünc medalçısı Novruzov isə 1/8 finalda dayanıb. Avropa çempionatlarında dörd medalı olan Turan Bayramov yenə dünya podiumuna çata bilməyib. Bürünc görüşündə 0:11 hesabı ilə məğlubiyyəti onun dünya elitası ilə məsafəsini göstərir.

Yunan-Roma güləşində Avropa ilə dünya arasındakı fərq

Yunan-Roma güləşçiləri 104 xalla İrandan sonra ikinci olub, iki qızıl medal qazanıb. Amma Avropa səviyyəsindəki üstünlük dünyaya keçmir. Dörd dəfə ardıcıl Avropa çempionu Cəfərov ötən ilin gümüşünü qoruya bilməyib və beşinci olub.

İkiqat Avropa çempionu Qurbanovun və Avropa çempionatlarında beş medal qazanan 30 yaşlı Abbasovun dünya çempionatında hələ də medalı yoxdur. 31 yaşlı Murad Məmmədov isə 1/4 finalda dayanıb. Komandanın liderləri ya yaşlanır, ya da Avropa ilə dünya arasındakı pilləni keçə bilmir.

Qadın güləşi: iki qələbə

Qadın güləşçilər çempionatda cəmi iki görüşdə qalib gəlib. 2024-cü ilin U-23 dünya çempionu Jalə Əliyeva (57 kq) ilk görüşündə macarıstanlı Tamara Dollakı, Ruzanna Məmmədova (59 kq) isə yaponiyalı Natsuki Yamaquçini 5:0 hesabı ilə məğlub edib. Hər ikisi 1/8 finalda uduzub: Məmmədova çinli Menqyu Xieyə 5:8 hesabı ilə məğlub olub. Birgül Soltanova (65 kq) isə ilk görüşündə uduzub. Üç güləşçidən yalnız Əliyeva Olimpiya çəkisində çıxış edib. Qadın güləşi dünya səviyyəsindən geridə qalmaqda davam edir.

Gənclər: ümid var, amma hər yerdə yox

Bu il aşağı yaş qruplarının dünya çempionatlarında Azərbaycan güləşçiləri yunan-Roma, sərbəst və qadın güləşi üzrə 21 medal qazanıb, amma onlardan yalnız biri qızıldır. Ehtiyat əsasən yunan-Roma güləşinin 60 və 77 kq çəkilərində görünür: iki dəfə ardıcıl U-20 dünya çempionu Ayxan Cavadov, U-23 dünya çempionatının gümüş medalçısı Elmir Əliyev, Ruslan Nurullayev və Cavidan Nəhmətov. Qadınlar arasında Günay Qurbanova ən real addır: o, bu il U-20 və U-23 dünya çempionatlarında gümüş, böyüklər arasında isə Avropa çempionatında bürünc medal qazanıb.

Problemli çəkilərdə gənc ehtiyatın potensialı hələ dünya səviyyəsində kifayət qədər təsdiqlənməyib. Bu il U-20 və U-23 dünya çempionatlarında yunan-Roma güləşinin 87, 97 və 130 kq, sərbəst güləşin isə 57, 65, 74 və 97 kq çəkilərində Azərbaycan medal qazana bilməyib. Bununla belə, aşağı yaş qruplarında fərqli çəki bölgüsü və idmançıların gələcəkdə kateqoriya dəyişmək imkanları nəzərə alınmalıdır. Las-Veqasda keçirilən U-23 dünya çempionatında isə Azərbaycan üç ildə ilk dəfə qızılsız qalıb.

Qarşıdakı on ay

Növbəti dünya çempionatı 11-19 sentyabr 2027-ci ildə Las-Veqasda keçiriləcək və Los-Anceles Olimpiadasının ilk 72 lisenziyasını paylayacaq. Lisenziyaları yalnız Olimpiya çəkilərində medal qazanan güləşçilər ölkələrinə qazandıracaq. Bu, Olimpiadaya gedən dörd yolun birincisidir: qalan lisenziyalar UWW reytinqi, 2028-ci ilin yazında keçiriləcək qitə və dünya seçmə turnirləri vasitəsilə paylanacaq.

Astana göstərdi ki, Azərbaycan güləşinin hazırlıq səviyyəsi pis deyil. Qazyumov da bunu deyir: “Komandanın hazırlıq səviyyəsini ümumilikdə pis qiymətləndirməzdim, amma idmançılarımız imkanlarından tam istifadə edə bilmədilər.” Qarşıdakı on ayda həll edilməli olan məsələ məhz budur: həlledici anlarda üstünlüyü qorumaq, gücü Olimpiya çəkilərinə yönəltmək və boş qalan çəkilərə vaxtında yeni adlar gətirmək.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑