Ermənistanın Apellyasiya Məhkəməsi ölkənin ikinci prezidenti Robert Koçaryanın vəkillərinin həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatəti təmin etməyib.
Gununsesi.info-nun Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə sabiq dövlət başçısının vəkili Aram Orbelyan açıqlama verib.
Vəkil Aram Orbelyanın sözlərinə görə, verilən şikayətə sadəcə formal yanaşılıb. O qeyd edib ki, məsələyə baxılarkən eks-prezident ev dustaqlığına buraxılacağı təqdirdə onun əlaqələrinin nəzarətdə saxlanılması imkanı məhkəmə tərəfindən nəzərə alınmayıb.
Müdafiə tərəfi qəbul edilmiş bu qərardan Kassasiya Məhkəməsinə şikayət verməyi planlaşdırır.
Qeyd edək ki, Robert Koçaryan və onun oğlu Sedrak qanunsuz yolla əmlak əldə etməyə dair cinayət işi üzrə həbs ediliblər. İstintaq orqanlarının məlumatına əsasən, sabiq dövlət başçısı öz prezidentliyi dövründə tutduğu vəzifədən sui-istifadə edərək bir sıra obyektləri bazar dəyərindən ucuz qiymətə mənimsəyib.


