ABŞ hökuməti Kubanın BMT-dəki nümayəndəliyinin birinci katibindən 24 saat ərzində ölkəni tərk etməsini tələb edib.
Globalinfo.Az xəbər verir ki, bu barədə ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts “Fox News” telekanalının efirində bildirib.
Onun sözlərinə görə, ABŞ-nin dövlət katibi Marko Rubio kubalı diplomatın ölkədən çıxarılması ilə bağlı sənəd imzalayıb.
“O, 24 saat ərzində Havanaya uçan təyyarədə olacaq”, – deyə Uolts bildirib.
Diplomatın ölkədən çıxarılmasına səbəb kimi onun ABŞ nümayəndələrindən birini itələməsi və ona hücum etməyə cəhd göstərməsi qeyd olunub.
İnsident oktyabrın 27-də BMT Baş Assambleyasının iclası zamanı baş verib. Mayk Uoltsun Kuba ilə bağlı sərt bəyanatlarından sonra nümayəndə heyətləri arasında mübahisə yaranıb.
Kubanın xarici işlər naziri Bruno Rodriges Parrilya etiraz əlaməti olaraq tribunaya yaxınlaşıb. Bundan sonra ABŞ-nin BMT-dəki daimi nümayəndəsi ondan kənara çəkilməsini tələb edib. Kuba nümayəndə heyətinin üzvlərindən biri isə hadisəni videoya çəkən amerikalı diplomatın əlindən mobil telefonu almağa cəhd göstərib.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İranda hərbi əməliyyatlar başa çatdıqdan sonra “Kuba ilə məşğul olacağını” bəyan edib. Daha əvvəl o, ada dövlətinə qarşı enerji embarqosu tətbiq edib. Nəticədə Kubada elektrik enerjisi və yanacaq çatışmazlığı yaranıb.



