İranda bir neçə şəhərdə təqaüdçülər etiraz aksiyaları keçiriblər.
Globalinfo.az xəbər verir ki,iİştirakçılar bahalaşma, inflyasiya, sosial ədalətsizlik və ölkədə davam edən edamlara qarşı narazılıqlarını ifadə ediblər.
Noyabrın 1-də keçirilən aksiyalar İsfahan, Şuş və Rəşt şəhərlərində də qeydə alınıb. Məlumatlara görə, Şuşda sosial təminat sistemi üzrə təqaüdçülər, İsfahanda isə polad və dəmir sənayesində çalışmış təqaüdçülər küçələrə çıxıblar.
Etirazçılar pensiyaların artırılmasını, inflyasiyanın qarşısının alınmasını, sosial təminat və tibbi xidmətlərin yaxşılaşdırılmasını tələb ediblər. Onlar həmçinin millət vəkillərini və hökumət rəsmilərini verdikləri vədləri yerinə yetirməməkdə ittiham ediblər.
Bildirilib ki, təqaüdçülər əvvəlki müraciət və görüşlərdən sonra problemlərinin həll olunmamasından narazıdırlar. Onlar sosial və iqtisadi vəziyyətin yaxşılaşdırılmasını, hüquqlarının təmin edilməsini tələb edirlər.
Tahir Turan
Globalinfo.az



