Rusiya Prezidenti Vladimir Putin ölkəsi ilə Avropa arasında mümkün müharibənin nəticələri barədə xəbərdarlıq edib.
Putin bildirib ki, Rusiya ilə Avropa arasında hərbi qarşıdurma baş verərsə, bu müharibənin qalibi olmayacaq.
Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, hüquqşünas Xəyal Bəşirov bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin bu mövqeyi mətbuatda geniş müzakirə olunur:
“Eyni zamanda Avropadan Norveç və Finlandiyanın dövlət başçılarının Putinlə telefon danışığı aparması, digər Avropa liderlərinin də ona zəng edəcəkləri təqdirdə Rusiya prezidentinin bu zənglərə cavab verəcəyinin bildirilməsi diqqət çəkən məqamlardandır. Bu vəziyyəti Rusiya-Ukrayna müharibəsinin gedişatında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirmək mümkündür.
Sanki Avropa tərəfi də prosesə təsir göstərməyə, müharibənin dayandırılması və Rusiya ilə razılığın əldə olunması istiqamətində addımlar atmağa çalışır. Eyni zamanda, ABŞ-ın Avropaya müharibənin başa çatdırılması üçün müəyyən təzyiqlər göstərdiyi müşahidə olunur. Vaşinqtonun bu mövqeyi Avropa ölkələrindən prosesin yekunlaşması üçün daha fəal mövqe nümayiş etdirmələrini tələb etməsi kimi də qiymətləndirilə bilər.
Təbii ki, bu vəziyyət Avropa dövlətlərini tam qane etmir. Avropa prosesdən kənarda qalmaq və diplomatik baxımdan təcrid olunmaq istəmir. Digər tərəfdən, Rusiya öz təhlükəsizlik maraqlarını əsas prioritet hesab edir. Avropa isə Ukraynanın müharibədən hansı şərtlərlə çıxacağı məsələsində də mövqeyini qorumağa çalışır”.

Xəyal Bəşirov
Ekspert bildirib ki, Rusiyanın Avropa liderləri ilə təmaslara açıq olduğunu nümayiş etdirməsi həm də Avropa ictimaiyyətinə ünvanlanan mesajdır:
“Bu yolla Avropa ölkələrində vətəndaşların öz hökumətlərinə müharibənin dayandırılması istiqamətində təzyiq göstərməsi də hədəflənə bilər. Beləliklə, Putinin açıqlamasını yalnız hərbi xəbərdarlıq deyil, həm də siyasi və diplomatik təzyiq vasitəsi kimi dəyərləndirmək olar.
Müharibənin qalibinin olmayacağı barədə fikirlər ilk dəfə səsləndirilmir. Bu baxımdan hesab edirəm ki, hazırkı açıqlamalar qarşıdakı Çin görüşü ərəfəsində tərəflərin mövqelərini gücləndirmək və bir-birinə təzyiq göstərmək cəhdləri ilə də bağlı ola bilər.
Avropa çalışır ki, danışıqlar prosesindən kənarda qalmasın. Əgər Avropa görüşdə iştirak etməyəcəksə, bu, onun diplomatik mövqeyi və prosesə təsir imkanları baxımından ciddi nəticələr doğura bilər”.
Turan Rzayev
Globalinfo.az


